SUAL VƏ TAPŞIRIQLAR:
Uğursuz daxili və xarici siyasət nəticəsində 1993-cü ilin yazında Azərbaycan Respublikasının siyasi, sosial-iqtisadi vəziyyəti ağırlaşdı. Əhalinin hökumətə inamı sarsıldı. Ölkədə nə baş verdi? Azərbaycanı bölmək, parçalamaq cəhdi niyə baş tutmadı? Tariximizə Qurtuluş günü kimi daxil olmuş 1993-cü il iyunun 15-də nə baş verdi?
Gəncədə hərbi qiyam, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi, vətəndaş müharibəsi təhlükəsi, Dövlət Müdafiə Şurası
İyun qiyamı. 1993-cü il aprelin əvvəlində Kəlbəcərin işğalı Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası rəhbərlərinin təmsil olunduğu hakimiyyətə xalqın inamını sarsıtdı və respublikada dərin siyasi böhrana səbəb oldu. 1993-cü il iyunun əvvəllərində Gəncədə hərbi qiyam başlandı. Hökumət Surət Hüseynovun başçılıq etdiyi qiyamçı hərbi hissənin tərk-silah olunması və ləğv edilməsi haqqında qərar verdi. Hökumət qoşunları bu qərarı yerinə yetirmək üçün 1993-cü il iyunun 4-də hərbi əməliyyata başladı. Lakin bu əməliyyat tamamilə iflasa uğradı və hökumət qüvvələri məğlub oldular.
Gəncə hadisələrini vətəndaş müharibəsi adlandırmaq olarmı? Fikrinizi əsaslandırın.
Qiyamçılar Bakıya doğru hərəkətə başladılar. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Yaranmış böhranlı vəziyyətlə əlaqədar hökumət qiyamçılarla danışıqlara getməyə məcbur oldu. Qiyamçıların tələbi ilə Baş nazir və güc nazirləri, Ali Sovetin sədri istefaya göndərildi. Ölkədə hakimiyyətin, faktiki olaraq, qiyamçıların əlinə keçməsi təhlükəsi yarandı.
Belə bir vaxtda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Əlikram Hümbətov cəbhə bölgələrindən çıxardığı hərbi dəstələri cənub bölgəsinə apardı. O, Lənkəranda qanuni hakimiyyəti devirdi və qondarma "Talış - Muğan Respublikası"nın qurulduğunu bəyan etdi. Beləliklə, 1993-cü ilin yayında respublikada böhran dərinləşdi və hakimiyyət boşluğu yarandı.
Sizcə, Azərbaycanı parçalamağa çalışan separatçı qüvvələr hansı dövlətlər tərəfindən dəstəklənirdi? Ehtimallarınızı əsaslandırın.