Azərbaycan Respublikasında aviasiya alayı və desant qoşunları yaradıldı. Azərbaycanın payına düşən Xəzər donanmasının hərbi gəmiləri hesabına hərbi donanma formalaşdırıldı. 1992-ci il iyunun 7-də AXC-nin sədri Əbülfəz Elçibəy prezident seçildi.
Azərbaycan Respublikasının silahlı qüvvələrini idarə etmək məqsədilə vahid komandanlıq təşkil edildi.
Azərbaycan ordusunun uğurlu hücumu. 1992-ci il iyun ayının 12-də Azərbaycan Ordusu hücuma keçdi. Goranboy-Ağdərə və Əsgəran əməliyyatları nəticəsində rus-erməni hərbi qüvvələri geri oturduldu. İyulun 4-də Ağdərə rayon mərkəzi erməni işğalından azad edildi. Strateji əhəmiyyətə malik Tərtər-Ağdərə-Kəlbəcər yoluna nəzarət ələ keçirildi. İyulun sonunda Dağlıq Qarabağ ərazisinin təxminən yarısı erməni işğalçılarından təmizlənmiş, Azərbaycan Ordusunun bölmələri Xankəndinin yaxınlığındakı Sırxavənd kəndində mövqe tutmuşdular. Qorxuya düşmüş erməni hərbi qüvvələri Ermənistanla sərhədə doğru qaçırdı.
Vaqif Qurbanov MDB-nin Sitalçaydakı Aviasiya alayında xidmət edirdi. O, hərbi təyyarə pilotu idi. Vaqif və dostları 8 aprel 1992-ci ildə “Su-25” qırıcı-bombardmançı təyyarəsini qaçırdılar. Təyyarə Şəkiyə aparıldı. Mayın 8-də ermənilərin Şuşaya hücumu zamanı “Su-25” ilk döyüş uçuşuna qalxdı. İyunun 12-də isə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçdi. Vaqif Qurbanov erməni hərbi qüvvələrinin müdafiə xəttini bombaladı. Bundan sonra Azərbaycan Ordusunun Goranboy-Ağdərə istiqamətində uğurlu hücumu reallaşdı. Lakin 3 döyüş uçuşundan sonra Vaqifin təyyarəsi Əsgəran yaxınlığında vuruldu.
Siz Vaqif Qurbanovun yerində olsaydınız, onun kimi davranardınızmı? Müzakirə edin.
Qarabağdakı Azərbaycan Silahlı Qüvvələrinin komandanı Surət Hüseynovun özünə sadiq qüvvələri Gəncəyə çəkib aparması, digər tərəfdən isə Rusiyanın dövlət səviyyəsində ermənilərə yeni hərbi yardımlar verməsi cəbhədəki vəziyyəti dəyişdirdi. 1993-cü ilin aprelində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildi. Lakin dünya dövlətləri münaqişəyə ədalətlə yanaşmırdılar. Azərbaycan Respublikasını Ermənistanı blokadaya almaqda günahlandıran ABŞ konqresi 1992-ci ilin oktyabrında “Azadlığı müdafiə aktı”na etdiyi 907 saylı əlavə ilə Azərbaycan Respublikasına ABŞ-ın dövlət səviyyəsində yardım göstərməsini qadağan etdi.