Əlif Hacıyev Xocalı təyyarə limanında Daxili işlər bölməsinin rəisi idi. O eyni zamanda Xocalı aeroportunun hərbi komendantı təyin edilmişdi. Məhz onun bu vəzifəyə təyin olunmasından sonra Xocalı aeroportu vasitəsilə regiona silahlı dəstə gətirilməsinə son qoyulmuşdu.
Xocalının müdafiəsi üçün bütün qüvvələri səfərbər edən Əlif Hacıyev digər qeyrətli həmvətənləri ilə birgə özü də döyüşlərə atıldı. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partlatdı. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Əlif Hacıyev dinc əhalinin Ağdamın Şelli kəndi istiqamətinə çıxarılmasını təmin etdi. Sonra isə geriyə dönərək yenidən döyüşə atıldı və Vətən uğrunda şəhid oldu. Xocalının müdafiəsində göstərdiyi qəhrəmanlığa görə, Əlif Hacıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Xocalıda şəhid olmuş digər Milli Qəhrəman Tofiq Hüseynov haqqında məlumat toplayıb müzakirə aparın.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayı və erməni silahlı dəstələri Xocalıya hücum etdilər. Şəhər əhalisinə qanlı divan tutuldu. Bu soyqırımı nəticəsində 613 nəfər Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Hakimiyyət çevrilişləri və bu çevrilişlərin müharibə vəziyyətinə təsiri. Xocalı soyqırımı Azərbaycan Respublikasındakı siyasi gərginliyi daha da artırdı. Xalqın tələbi ilə A.Mütəllibov prezident vəzifəsindən istefa verdi. Yeni rəhbərlik İran İslam Respublikasının vasitəçiliyi ilə Ermənistan prezidenti ilə sülh danışıqlarına başladı. Ermənilər belə bir vaxtda - mayın 8-də Şuşa şəhərini işğal etdilər. Danışıqlar yarımçıq dayandırıldı.
Bu hadisə yenidən hakimiyyət böhranı yaratdı. A.Mütəllibov hakimiyyətə qayıtdı və Konstitusiyaya zidd olaraq fövqəladə vəziyyət haqqında fərman verdi. Bu fərman əhalinin hiddətinə səbəb oldu. Bundan istifadə edən AXC-nin silahlı dəstələri Ali Sovetin binasını, Prezident sarayını və digər mühüm dövlət əhəmiyyətli məntəqələri ələ keçirdilər. Bakıdakı hərc-mərclikdən istifadə edən ermənilər isə rus hərbçilərinin dəstəyi ilə mayın 18-də Dağlıq Qarabağı Ermənistanla birləşdirən strateji əhəmiyyətli Laçın rayonunu işğal etdilər.
1992-ci ilin mayında SSRİ-nin hərbi əmlakının bölüşdürülməsini nəzərdə tutan Daşkənd müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Azərbaycan Respublikasının payına da xeyli silah və hərbi sursat düşdü.