Rayonlarda və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi, dövlət katibi, dövlət müşavirləri vəzifələri təsis olundu və prezident idarəsi yaradıldı. Lakin görülən tədbirlər hökumətin mövqeyini möhkəmləndirə bilmədi.
1991-ci il dekabrın 8-də SSRİ-nin varlığına son qoyuldu. Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı. Azərbaycanda keçirilən referendumda xalq yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Dağlıq Qarabağda erməni vəhşilikləri. 1991-ci ilin yayında Dağlıq Qarabağda vəziyyət daha da gərginləşdi. Sentyabrın əvvəlində işğalçı Ermənistan rəhbərliyinin dəstəklədiyi erməni separatçıları tərəfindən “Dağlıq Qarabağ Respublikası” yaradıldığı elan edildi.
1991-ci ilin noyabr ayında Dağlıq Qarabağda Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndləri erməni silahlı dəstələrinin hücumlarına məruz qaldı. Vəziyyəti yerində öyrənmək üçün respublikanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri əraziyə yola düşdülər. Onları aparan vertolyot noyabrın 20-də Qarakənd adlı yaşayış məntəqəsi yaxınlığında vuruldu. Bu terror aktı nəticəsində Azərbaycan Respublikasının yüksək vəzifəli nümayəndələri həlak oldular. Bu hadisə respublikamızda ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi.
Sizcə, Qarakənddə terror hadisəsinin səbəbi nə idi? Ehtimallarınızı əsaslandırın.
Dünyanın böyük dövlətlərinin Ermənistanı dəstəkləməsi Dağlıq Qarabağ problemini ədalətli həll etməyə imkan vermədi. Əksinə, erməniləri yeni təcavüzlərə şirnikləndirdi. Dağlıq Qarabağ erməniləri Rusiyanın köməyi ilə Azərbaycana qarşı silahlanıb açıq müharibəyə başladılar. Belə vəziyyətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması zəruri idi. Ali Sovet “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” Qanun qəbul etdi. Bu qanuna əsasən, sərhədyanı bölgələrdə könüllü özünümüdafiə batalyonları yaradıldı.
1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu ilk əməliyyatını həyata keçirdi. Məqsəd Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini erməni silahlı dəstələrindən təmizləmək idi. Ancaq “Daşaltı əməliyyatı” uğursuzluqla nəticələndi. Bundan sonra Malıbəyli, Quşçular, Qaradağlı kəndləri ermənilər və onlara havadarlıq edən rus hərbçiləri tərəfindən ələ keçirildi.
“Daşaltı əməliyyatı”nda yenicə yaranmış Azərbaycan Ordusunun 3 bölüyü və Şuşa şəhərinin özünümüdafiə dəstəsinin döyüşçüləri iştirak etmişdi. Qruplar arasında rabitə əlaqəsinin olmaması, döyüş taktikasında səhvlər və əməliyyat sirrinin yayılması nəticəsində Daşaltıya daxil olan Azərbaycan döyüşçüləri düşmənin pusqusuna düşərək qəhrəmancasına həlak oldular.
Daşaltı əməliyyatının uğursuzluğunun səbəblərini müzakirə edin.
Xocalı soyqırımı. Düşmənin növbəti hədəfi Xocalı idi. Çünki Xocalı Əsgəran- Xankəndi yolunun üstündə yerləşirdi. Dağlıq Qarabağdakı yeganə aeroport da burada idi.