1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrildi. Burada azərbaycanlı şairlərin, musiqiçilərin və digər yaradıcı şəxsiyyətlərin heykəl və büstləri ucaldıldı, ev-muzeyləri təşkil olundu. Şuşada böyük Azərbaycan şairi M.P.Vaqifin qəbri üzərində məqbərə inşa edildi. Milli-mədəni irsimizə qayğı və mədəniyyət xadimlərimizin xatirələrinin ehtiramla yad edilməsi milli oyanışa və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük təsir göstərdi.
Heydər Əliyevin Azərbaycanın milli-mədəni irsinə qarşı baş vermiş haqsızlıqları aradan qaldırmaq tədbirlərini müzakirə edin.
Heydər Əliyev Aşıq Ələsgərin yubiley tədbirlərinin ardınca 1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzaladı. Heydər Əliyevin bu sərəncamları Ermənistan rəhbərliyini Göyçədə yubiley tədbirləri keçirməyə, böyük sənətkarlarımıza abidələr ucaltmağa məcbur etdi. Həmin illərdə Ermənistan SSR-in rəsmi qəzetlərində, xüsusən "Sovet Ermənistanı"nda Azərbaycan xalqına məxsus yüzlərlə folklor nümunəsi, aşıqlarımız və el şairlərimiz haqqında silsilə yazılar dərc olundu.
Sizcə, Ermənistanda (Qərbi Azərbaycanda) azərbaycanlıların milli mədəniyyətinin təbliği hansı məqsədləri daşıyırdı?
Bu dövrdə Fikrət Əmirovun “Min bir gecə” və “Nizami” baletləri, Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundovanın “Gəlin qayası” operası Azərbaycan musiqi sənətinin çox mühüm nailiyyətləri idi. Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Cavanşir Quliyev, Ələkbər Tağıyev və başqa bəstəkarlarımız xalqımız tərəfindən sevilən mahnılar yaratdılar.
Azərbaycanın kino sənətində böyük uğurlar qazanıldı. 1970 - 80-ci illərdə çəkilmiş "Nəsimi", "Babək", "Axırıncı aşırım", "Dədə Qorqud" və digər filmlər Azərbaycan kinosunun qızıl fonduna daxil oldu.