1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda milli hərbi kadrlar hazırlamaq üçün Bakıda Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış orta hərbi məktəb açıldı. Bu məktəbi bitirən azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasına şərait yaradıldı. Həmin məzunlar ölkəmizdə müstəqillik qazanıldıqdan sonra Milli Ordu quruculuğunda böyük rol oynadılar.
Elmin inkişafı. Azərbaycan alimləri 1970-80-ci illərdə fundamental və tətbiqi elm sahələrində böyük uğurlar qazandılar. Bakıda Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin fəaliyyətə başlaması yeni faydalı qazıntı və tikinti materialları yataqlarının kəşfinə imkan yaratdı. Bu dövrdə Şamaxı rəsədxanası SSRİ-nin ən böyük astrofizika mərkəzlərindən birinə çevrildi. Astronom N.İbrahimovun bu sahədə əldə etdiyi uğurların şərəfinə Mars planeti kraterlərindən biri “İbrahimov krateri” adlandırıldı.
Bu dövrdə Bakı Sovet İttifaqı miqyasında “Neft akademiyası” kimi tanınırdı. Görkəmli Azərbaycan alimlərinin neft, neft-kimya, geologiya sahəsindəki tədqiqatları ittifaq miqyasında tətbiq olunurdu. Azərbaycanlı geoloq Fərman Salmanovun rəhbərliyi ilə Qərbi Sibirdə zəngin neft və qaz yataqları kəşf edilmişdi.
Azərbaycan alimlərinin daha hansı kəşfləri, ixtiraları ümumittifaq miqyasında böyük əhəmiyyətə malik idi? Məlumat toplayın.
Tarix, ədəbiyyat, dilçilik və digər ictimai elm sahələrində qiymətli tədqiqat əsərləri yazılmış, milli mədəniyyətimizin təbliği və dirçəlişi istiqamətində müəyyən uğurlar qazanılmışdı. Bu dövrdə “Azərbaycan Sovet Ensiklopediyası” çoxcildliyi çap olundu. Bakıda “Sovet türkologiyası” jurnalı nəşrə başladı və türkçülük üzrə tədqiqatların aparılması genişləndi.
Ədəbiyyat və incəsənət. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri olan şair və yazıçıların - Rəsul Rza, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, Bəxtiyar Vahabzadə Anar, Elçin, Yusif Səmədoğlu, Məmməd Araz və digərlərinin əsərləri xalq tərəfindən rəğbətlə qarşılanırdı. Bu əsərlərdə sovet həyat tərzinin eybəcərlikləri, insanların hüquqlarının pozulması və cəmiyyətdə baş verən qanunsuzluq halları tənqid edilirdi.
Cənubi Azərbaycanın böyük şairi Şəhriyarın şeirləri, xüsusən də “Heydərbabaya salam” poeması respublikamızda böyük əks-səda doğurmuş və dillər əzbəri olmuşdu.
1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi haqqında Heydər Əliyevin imzaladığı sərəncam müasir Ermənistandakı tarixi-mədəni irsin məhz Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan edilməsi və bu irsə sahib çıxmağımızın göstəricisi idi.
Türkçülüyü təbliğ etməkdə günahlandırılaraq Sibirə sürgün edilib orada vəfat edən görkəmli şair və dramaturq Hüseyn Cavidin nəşi 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən gətirilərək doğma yurdu Naxçıvanda dəfn edildi.