Bu dövrdə Şimali Azərbaycanda Azərbaycan dilinin statusu, milli mədəniyyətin vəziyyəti haqqında nə bilirsiniz?
İran İslam inqilabı və Cənubi Azərbaycan. 1970-ci illərin ortalarından etibarən İranın müxtəlif yerlərində baş verən xalq çıxışları ölkədə ictimai-siyasi ziddiyyətlərin dərinləşdiyini göstərdi. Şah hökumətinin gördüyü sərt cəza tədbirləri sosial partlayışın qarşısını ala bilmədi. 1977-ci il dekabrın 12-də Təbriz şəhərində Cənubi Azərbaycanda Milli hökumətin yaranmasının ildönümü münasibətilə tədbir keçirildi.
Bir qədər sonra Qum şəhərində monarxiyanın ləğv edilməsi tələbi ilə izdihamlı nümayiş oldu. Şah rejimi bu çıxışlarda iştirak edənlərə qəddarlıqla divan tutdu. 1978-ci ilin fevralında Təbrizdə nüfuzlu ruhanilərin çağırışı ilə 10 minlərlə insan küçələrə çıxdı. Dinc etiraz nümayişi mövcud quruluşa qarşı üsyana çevrildi.
Üsyanda əhalinin müxtəlif təbəqələri - ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacir və sahibkarlar, fəhlələr, məktəb şagirdləri iştirak edirdilər. Şah İranın başqa şəhərlərindən gətirdiyi hərbi hissələrin köməyi ilə Təbriz üsyanını silah gücünə yatırdı. Təbriz üsyanı 1978-1979-cu illər inqilabının ilk müjdəçisi oldu.
İnqilabın növbəti mərhələsində ruhanilərin rolu artdı. Dini lider ayətullah R.Xomeyninin geniş xalq kütləsi içərisində təsiri gücləndi.
Bundan sonra on iki şəhərdə, o cümlədən Təbrizdə yeni etiraz çıxışları başlandı. Xalq hərəkatına neft sənayesi fəhlələri də qoşuldular. Tətilçilər gizli polis qurumunun ləğv edilməsi, İran cəmiyyətinin demokratikləşdirilməsi və s. tələblər irəli sürdülər.
Neftçilərin mütəşəkkil ümumi tətili inqilabın taleyini həll etdi. İnqilabi qüvvələrin artan təzyiqi nəticəsində Məhəmməd Rza şah 1979-cu ilin yanvarında ölkəni tərk etdi. R.Xomeyni Parisdən Tehrana gəldi.
Cənubi Azərbaycanın İran inqilabında rolunu müəyyən edin.
1979-cu ilin fevralında Tehranda inqilab qalib gəldi. Şah hakimiyyəti devrildi. Ümumxalq rəy sorğusu əsasında 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi. Cənubi Azərbaycanda ana dilində çoxlu sayda qəzet və jurnalların nəşrinə başlandı. Görkəmli alim və ictimai xadim Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” jurnalı daha uzunömürlü oldu. Jurnalda xalqımızın tarixi, mədəniyyəti ilə bağlı dərc edilən məqalələr maraqla qarşılanırdı.
İnqilabdan sonrakı dövrdə İran regionun güclü dövlətlərindən birinə çevrildi. Azərbaycan Respublikası müstəqil liyini bərpa etdikdən sonra İran İslam Respublikası ilə normal münasibətlər yaradıldı.