SUAL VƏ TAPŞIRIQLAR:
Cənubi Azərbaycanda İkinci Dünya müharibəsindən sonra ağır sosial-iqtisadi problemlər qalmaqda idi. Əhalinin əksər hissəsinin yaşayış səviyyəsi yoxsulluq həddinə çatmışdı. Hər zaman milli-demokratik hərəkatın mərkəzi olan Cənubi Azərbaycanda yeni etiraz dalğasının başlanmasının səbəbi nə idi? Bu dövrdə hansı islahatlar keçirildi? İranda baş verən inqilabi dəyişikliklər Cənubi Azərbaycana necə təsir etdi?
“Ağ inqilab”, şah rejimi, İran İslam İnqilabı, R.Xomeyni, Cavad Heyət, “Varlıq” jurnalı
Cənubi Azərbaycanda S.C.Pişəvərinin başçılıq etdiyi milli-demokratik hərəkat yatırılsa da, onun təsiri ilə az sonra İranda yeni mübarizə başlandı. 1949 - 1953-cü illərdə İranın siyasi həyatının demokratikləşdirilməsi, neft sənayesi üzərində ingilis inhisarına son qoyulması və bu sahənin milliləşdirilməsi tələbləri ilə kütləvi çıxışlar baş verdi. Nəticədə neft sənayesi üzərində ingilis inhisarına son qoyuldu və onun milliləşdirilməsi üçün addımlar atıldı.
1960-cı illərdə islahatlar və Cənubi Azərbaycan. 1960-cı illərdə İranda, eləcə də Cənubi Azərbaycanda sosial gərginliyi zəiflətmək məqsədilə tarixə “ağ inqilab”1 adı ilə daxil olan islahatlar keçirildi. Bu islahatlardan ən əhəmiyyətlisi aqrar islahat idi. Aqrar islahat kəndlilərin dövlətdən və mülkədarlardan torpaq sahələri satın almasına imkan yaratdı. Nəticədə, bankların verdiyi vəsait hesabına Cənubi Azərbaycanda kəndlilərin 80 faizi torpaq sahibinə çevrildi.
Bu dövrdə Şimali Azərbaycanda kəndlilər dövlətdən torpaq satın ala bilirdimi?
1960-70-ci illərdə Cənubi Azərbaycanda sənaye ləng inkişaf edirdi. Çünki şah hakimiyyəti iri sənaye müəssisələrinin yaradılmasında maraqlı deyildi və bunun üçün xüsusi kapital qoyuluşu çox az idi. Ona görə də bəhs olunan dövrdə Cənubi Azərbaycanda xırda müəssisələr daha çox idi. İranda “milli vəhdət” adı altında başqa xalqları farslaşdırmaq siyasəti həyata keçirilirdi. Bu siyasət nəticəsində Cənubi Azərbaycanda türk dili qadağan edilmiş, bu dildə bütün qəzet, jurnal və kitab nəşri dayandırılmış, əvvəlki illərdə çap olunanlar yığılıb yandırılmışdı.
1 Ağ inqilab - Dinc yolla həyata keçirildiyi üçün belə adlanırdı.