Naxçıvan əhalisi doğma torpağı mərdliklə qoruyub düşməni geri çəkilməyə məcbur etdi. Naxçıvan Ali Soveti isə SSRİ-nin tərkibindən çıxdığını bildirdi.
Ermənilərin Naxçıvan ərazisinə olan hücumları haqqında əlavə məlumat toplayın.
Sovet rəhbərliyi Azərbaycanda güclənən ümumxalq etirazını boğmaq, ictimai-siyasi prosesləri nəzarətdə saxlamaq üçün hərbi qüvvədən istifadə olunması haqqında qərar qəbul etdi. SSRİ Ali Soveti Rəyasət Heyəti 1990-cı il yanvarın 20-dən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Lakin yanvarın 19-da axşam Bakıda Azərbaycan Televiziyasının enerji bloku qəsdən partladıldığı üçün əhali bu fərmandan xəbər tutmadı.
Yanvarın 20-nə keçən gecə sovet ordusu Bakı üzərinə müxtəlif istiqamətlərdən hücuma başladı. Hərbi qüvvələrin Bakıya yeridilməsinə etiraz əlaməti olaraq şəhərin giriş yollarında barrikadalar qurmuş sakinlərin üzərinə tanklar yeridildi, əhali atəşə tutuldu. Yüzlərlə dinc sakin öldürüldü və yaralandı. Sovet ordusu hissələri Bakının ardınca bölgələrdə də qırğınlar törətdi.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər ...Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimizin gördüyü tədbirlər haqqında məlumat toplayın.
Azərbaycan xalqı 20 Yanvar hadisələrində dinc əhaliyə qanlı divan tutan Sovet İttifaqının tərkibində qalmağın heç bir mənasının olmadığını, yalnız müstəqil dövlətçiliyi bərpa etməklə öz hüquqlarını qorumağın mümkün olduğunu aydın dərk etdi. Sovet rejiminə qarşı etimadsızlıq dərinləşdi.
20 Yanvar hadisələri ərəfəsində Ə.Vəzirov Azərbaycana rəhbərlikdən çəkildi və Bakını tərk etdi. Mərkəzin göstərişi ilə Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi. 1990-cı il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti vəzifəsi təsis edildi və A.Mütəllibov Azərbaycan Ali Sovetinin sessiyasında bu vəzifəyə seçildi.
1990-cı il iyulun 20-də Heydər Əliyev Bakıya gəldi. Xalqın ona böyük ümidlər bəsləməsini, xilaskar kimi qəbul etməsini Azərbaycan rəhbərliyi qısqanclıqla qarşıladı və Bakıda yaşamasına imkan vermədi. Naxçıvan əhalisinin dəvəti ilə Heydər Əliyev Naxçıvana getdi və dəyərli məsləhətləri ilə Muxtar Respublikanın çox ağır günlərində əhalinin üzləşdiyi mürəkkəb problemlərdən çıxış yolları tapmasına yardım göstərdi.