Əbülfəz Elçibəy AXC-nin sədri seçildi.
Xalqın təzyiqi və AXC-nin tələbi ilə 1989-cu il sentyabrın 23-də Azərbaycan Ali Soveti “Azerbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanunu qəbul etdi. Bu sənədə görə, respublikada Azərbaycan SSR qanunları İttifaq qanunlarından üstün sayılırdı. Konstitusiya qanununa Azərbaycan SSR-in Sovet İttifaqının tərkibindən çıxa bilməsi haqqında bəndin daxil edilməsi demokratik hərəkatın böyük qələbəsi idi.
Qədim tarixə malik Topxana Meşəsi Dövlət Qoruğu Qarabağın nadir təbii sərvətlərindən biri idi. Şuşa ətrafını əhatə edən bu meşədə palıd, fıstıq, qarağac və s. nadir ağac növləri vardı. Topxana əsl təbiət möcüzəsi idi. Ermənilər meşənin qiymətli ağaclarını tikinti məqsədilə qırmış, Ermənistana daşımışlar.
Topxana meşəsinin qırılmasına qarşı etiraz çıxışları niyə kütləvi xalq hərəkatına çevrildi?
Demokratik qüvvələrin təzyiqi qarşısında sovet rəhbərliyi geriyə addım atdı: xalqın tələbi ilə 1989-cu ilin noyabrında Xüsusi İdarə Komitəsi ləğv olundu və Dağlıq Qarabağ rəsmən Azərbaycanın tabeliyinə qaytarıldı. Bundan qəzəblənən Ermənistan rəhbərliyi dekabrın 1-də DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.
1989-cu il dekabrın 31-də isə Naxçıvanda Sovet - İran sərhədi söküldü, yerli əhali cənublu soydaşlarımızla görüşdü. Bu dövrdə baş vermiş mühüm hadisələrdən biri də 30-cu illərdən Kirovabad adlandırılan qədim Gəncə şəhərinin tarixi adının bərpa edilməsi oldu.
Araşdırın: 1989-cu il dekabrın 31-də Sovet-İran sərhədinin sökülməsi hadisəsi hansı adla hər il bayram kimi qeyd edilir?
20 Yanvar faciəsi. Ermənistanda soydaşlarımızın hüquqlarının tapdanması, Dağlıq Qarabağda Azərbaycanın suverenliyinin pozulması hallarının davam etməsi xalqın hakimiyyətdən narazılığını gücləndirirdi.
Ermənistandan göndərilmiş silahlı dəstələr 1990-cı ilin yanvarında Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndinə basqın etdi. Dağlıq Qarabağda və Ermənistanla sərhəddə yerləşən azərbaycanlıların yaşayış məntəqələrinə hücum təhlükəsi çoxaldı. AXC erməni hücumlarının qarşısını almaq üçün 1990-cı ilin yanvarında Milli Müdafiə Şurası yaratdı və özünümüdafiə dəstələri təşkil etməyə başladı.
AXC-nin böyük nüfuza malik olan siyasi qüvvəyə çevrilməsi Azərbaycan rəhbərliyini, xüsusilə də Moskvanı bərk qorxuya saldı. Həmin vaxt Bakıda qəsdən erməni mənzillərinə hücumlar təşkil edildi. Bu hadisələr Mərkəzi hakimiyyətə bəhanə verdi ki, DQMV ilə yanaşı, başqa rayonlarda, xüsusən Bakıda fövqəladə vəziyyət elan etsin. Sovet ordusunun yardımı ilə erməni hərbi dəstələri yanvarın 19-da Naxçıvana hücum etdi.