Azərbaycan rəhbərliyinin Ermənistanda və DQMV-də azərbaycanlılara qarşı artan zorakılıq aktlarına biganə qalması respublikada xalq hərəkatının başlanmasına səbəb oldu. Xalq hansı tələbləri irəli sürürdü? Etirazlar hansı formada bildirilirdi? Mərkəzi hökumət xalq hərəkatına qarşı hansı tədbirləri həyata keçirdi?
Meydan hərəkatı, Topxana meşəsi, Azərbaycan Xalq Cəbhəsi, sərhədlərin sökülməsi, 20 Yanvar hadisəsi
Meydan hərəkatı. Dağlıq Qarabağda erməni millətçilərinin separatçı çıxışlarına qarşı 1988-ci il fevralın 19-da Bakıda tələbələrin ilk etiraz mitinqi oldu. Sonrakı aylarda etiraz çıxışlarının miqyası genişləndi, xalq hərəkatı daha kütləvi xarakter aldı.
1988-ci ilin noyabrında Dağlıq Qarabağda Topxana meşəsinin qırılmasına etiraz edən xalq Azadlıq meydanına toplandı. Noyabrın 17-dən etiraz çıxışı fasiləsiz mitinq və nümayişə çevrildi. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda Anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv olunması, Ermənistana qarşı iqtisadi sanksiyalar1 tətbiq edilməsi tələbləri irəli sürüldü. Hətta ilk dəfə “suverenlik2”, “azadlıq” şüarları səsləndirildi. Mitinqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı.
Sovet rəhbərliyi xalq hərəkatını boğmaq üçün Bakı, Gəncə və Naxçıvanda xüsusi vəziyyət və komendant saatı 3 tətbiq etdi. Bakının mərkəzi meydanına (indiki Azadlıq meydanı) ordu hissələri yeridildi. Meydan zor gücünə boşaldıldı.
1989-cu ilin yanvarında SSRİ hökuməti DQMV-də “xüsusi idarəçilik” yaratdı. Xüsusi İdarə Komitəsi ermənipərəst xətt yeridərək DQMV-ni, faktiki olaraq, Azərbaycanın tabeliyindən çıxardı. Azərbaycan xalqı və demokratik qüvvələr buna qəti etiraz etdilər.
Azərbaycanın xalq hərəkatına istiqamət vermək və ona rəhbərlik etmək üçün hərəkatın fəal üzvləri 1989-cu ilin iyul ayında Bakıda Azərbaycan Xalq Cəbhəsini (AXC) yaratdılar. Təsis konfransında təşkilatın proqram və nizamnaməsi qəbul edildi.
1 Sanksiya - dövlətlər və ya beynəlxalq təşkilatlar tərəfindən bir
dövlətə qarşı məcburedici tədbirlər
2 Suverenlik - müstəqillik, öz dövlətinin ərazisində səlahiyyətli olmaq,
hakimiyyət hüququ
3 Komendant saatı - xüsusi və ya hərbi vəziyyət zamanı qoyulmuş vaxt
məhdudiyyəti