Gəlirli sahə olan üzümçülüyün sürətli inkişafı sonrakı dövrdə davam etdirilmədi. Əksinə, 80-ci illərin ortalarında Mərkəzin göstərişi ilə “alkoqolizm”ə qarşı mübarizə başlandı. Həmin dövrdə respublikamızda minlərlə hektar üzüm sahəsi məhv edildi və müasir avadanlıqlarla təchiz edilmiş onlarla ilkin şərab emalı zavodu bağlandı.
Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq siyasəti. M.Qorbaçovun sovet rəhbərliyinə gəlməsindən sonra həyata keçirilən yenidənqurma siyasəti gözlənilən nəticəni vermədi. Atılan addımlar sovet sisteminin süqutunun qarşısını almaq üçün səmərəli olmadı. Moskva ölkənin diqqətini vacib məsələlərdən yayındırmaq üçün milli münaqişələri alovlandırmağa başladı. Heydər Əliyevin Sovet dövləti rəhbərliyində olması buna ciddi əngəl törətdiyinə görə M.Qorbaçov və əqidə yoldaşları 1987-ci ilin oktyabr ayında onun istefa verməsinə nail oldular.
Bu hadisədən bir ay keçməmiş ermənilər heç nədən çəkinmədən Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etdilər. 1988-ci il fevralın 14-də Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı erməni rəhbərliyi Ermənistana birləşmək məsələsini qaldırdı. Qarabağ erməniləri Azərbaycan hökumətindən vilayətin statusunun dəyişdirilməsini, SSRİ rəhbərliyindən isə vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsini tələb etdilər. Buna qarşı olan azərbaycanlı gənclər Xankəndinə dinc etiraz yürüşü keçirdilər. Onlardan 2 nəfər Əsgəranda öldürülsə də, Azərbaycan rəhbərliyi heç bir qəti addım atmadı. Əksinə, bu məsuliyyətli dövrdə qorxaq və qətiyyətsiz mövqe nümayiş etdirərək xalqımızın vətənpərvər övladlarının erməni iddialarına qarşı etiraz çıxışlarını “xalqlar dostluğunun pozulmasına cəhd” kimi qiymətləndirib qarşısını almağa çalışdı.
Sizcə, bu dövrdə ermənilərin tələblərinin qarşısını almaq üçün nə etmək olardı? Fikrinizi əsaslandırın.
Azərbaycanın suveren hüquqlarının kobud şəkildə tapdanmasına xalqımız öz etirazını mitinq və nümayişlərlə bildirməyə başladı. Azərbaycan xalqını “sakitləşdirmək” üçün Mərkəzi hökumət Azərbaycanda və Ermənistanda birinci şəxsləri vəzifələrindən azad etdi. 1988-ci ilin mayında Kamran Bağırovun əvəzinə, Əbdürrəhman Vəzirov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi. Azərbaycanın problemlərinə, milli dəyərlərinə dərindən bələd olmayan, Mərkəzin göstərişi ilə hərəkət edən Ə.Vəzirov bu çətin və məsuliyyətli dövrdə milli münaqişəyə laqeyd yanaşdı. Vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə, ikinci dərəcəli məsələlərin həlli ilə məşğul olmağa başladı. Beləliklə, respublikamızda ictimai-siyasi vəziyyət daha da mürəkkəbləşdi.
Mərkəzi hökumətin tədbirlərinin milli münaqişəni daha da alovlandırdığını əsaslandırın.
Azərbaycanlı əhalinin Ermənistandan kütləvi qovulması. Ermənistan rəhbərliyi və onların Moskvadakı havadarları Dağlıq Qarabağ məsələsini qaldırmaqla yanaşı, paralel şəkildə azərbaycanlı əhalini Ermənistandan - ata-baba torpaqlarından tamamilə qovmağa başladılar. İlk qaçqınlar Ermənistanın Qafan və Mehri rayonlarında yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvar ayında bu rayonların yerli əhalisini erməni rəsmi nümayəndələri ata-baba torpaqlarından zorla çıxardı. İlk qaçqın dəstələri Azərbaycana - Bakıya, Sumqayıta pənah gətirdi.