Müasir dövrdə Azərbaycan neft sənayesinin inkişafı haqqında nə bilirsiniz?
Respublikada kənd təsərrüfatının bütün sahələrinin inkişafına diqqət artırıldı. Xüsusən yüksək gəlir verən pambıqçılıq, üzümçülük, tütünçülük və tərəvəzçiliyin inkişafında böyük uğurlar qazanıldı. Kənd təsərrüfatının texniki təchizatı yaxşılaşdı. Bir sıra su kanalları çəkildi, Sərsəng və Şəmkir su anbarları yaradıldı. Nəticədə, suvarılan əkin sahələri əhəmiyyətli dərəcədə genişləndirildi.
70-ci illərdə nəqliyyatın inkişafı da diqqət mərkəzində idi. Bir çox dəmir yolu xətləri elektrikləşdirildi. Bu da dəmir yolu ilə yükdaşımaların həcmini artırmağa imkan verdi. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolunun çəkilməsi başa çatdırıldı. Bununla Dağlıq Qarabağ regionunun respublikamızın digər bölgələri ilə daha sıx əlaqəsi təmin olundu.
Əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq tədbirləri. 1970-ci illərdə əhalinin yaşayış səviyyəsini yüksəltmək üçün ciddi addımlar atıldı. Yeni fabrik və zavodların, müxtəlif istehsal sahələrinin işə salınması minlərlə insanı işlə təmin etməyə imkan verdi. Əhalinin mənzil probleminin həlli üçün Bakı şəhərinin kənar məhəllələrində yeni mikrorayonlar inşa edildi, yeni yaşayış massivləri istifadəyə verildi. Sumqayıt, Mingəçevir və digər şəhərlərdə də mənzil tikintisi genişləndirildi.
1971-ci ildə Kürdən Bakıya su kəməri çəkilməsi başa çatdırıldı. Bu, Bakı şəhəri əhalisinin içməli suya tələbatının ödənilməsində əhəmiyyətli addım oldu. Telefon rabitəsinin inkişafı məqsədilə yeni telefon stansiyaları inşa edildi, həmçinin şəhərlərarası telefon rabitəsinin keyfiyyətini yüksəltmək üçün tədbirlər görüldü.
XX əsrin əvvəlində və 70-ci illərində yaşayan azərbaycanlı ailəsinin həyat tərzini təhlil edin.
Bu dövrdə Azərbaycanın iqtisadi və sosial-mədəni sahələrdə böyük nailiyyətlər qazanması Mərkəzin də diqqətini çəkdi. Azərbaycanın rəhbəri Heydər Əliyev 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ildə isə Siyasi Büronun üzvü seçildi, ardınca rəhbər vəzifələrdən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə də Heydər Əliyev Azərbaycan xalqının mənafeyi naminə çalışır, respublikamızın inkişafı üçün çox işlər görürdü.