Bu zaman respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət kifayət qədər mürəkkəb idi. İqtisadiyyatın bütün sahələri zəif inkişaf edirdi və xalq təsərrüfatının əsas sahələri üzrə göstəricilər xeyli aşağı idi. Heydər Əliyev öz fəaliyyətinə idarəetmə orqanlarında apardığı ciddi kadr dəyişiklikləri ilə başladı. Bütün strukturlarda qanunu pozan, nüfuzunu itirən və işinin öhdəsindən gələ bilməyən kadrlar yeniləri ilə əvəz olundu. İşgüzar şəxslərin dövlət və hökumət orqanlarında məsul vəzifələrə təyin edilməsi hakimiyyətin nüfuzunun yüksəlməsinə səbəb oldu. Respublikada mənəvi-psixoloji mühitin sağlamlaşdırılması və əmək intizamının möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Rüşvətxorluğa və korrupsiyaya qarşı sərt mübarizə başlandı. Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kənd və rayonların acınacaqlı sosial-iqtisadi vəziyyəti ilə tanış olan Heydər Əliyev, xüsusilə Şuşa şəhərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirdi. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri 1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyasının qəbulu zamanı bu sənədə Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin daxil edilməsi oldu.
Ermənistan SSR rəhbərliyi erməni Qriqoryan kilsəsinin təhriki ilə 70-ci illərdə yenidən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı SSRİ rəhbərliyinə müraciət etdi. Hətta 1977-ci il noyabrın 23-də SSRİ hökumətinin iclasında Ermənistan rəhbərliyinin təkidi ilə bu məsələ müzakirə olunmuş və təkliflər irəli sürülmüşdü.
Məsələdən xəbər tutan Heydər Əliyev erməni siyasi təcavüzünün qarşısını almaq üçün qəti addımlar atdı. O, Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutuna Qarabağ regionunun qədim Azərbaycan torpağı olması haqqında elmi arayış hazırlamaq barədə göstəriş verdi. Heydər Əliyev həmin elmi arayışı Azərbaycan KP MK Bürosunda müzakirəyə qoydu, Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilməsinə nail oldu. Həmin qərar SSRİ rəhbəri L.Brejnevə təqdim olundu və ermənilərin çirkin niyyətinin qarşısı alındı.
Heydər Əliyevin Qarabağ torpaqlarını dəfələrlə xilas etməsi haqqında məlumat toplayıb təqdimat hazırlayın.
Heydər Əliyev fəhlə, kəndli və ziyalıların nümayəndələri ilə bütün görüşlərində onların şikayətlərini səbrlə dinləyir, qaldırılan problemlərin qısa müddət ərzində həll edilməsinə nail olurdu. Əhalinin getdikcə artan tələblərinin ödənilməsində ciddi problemlərin olduğu bir şəraitdə mənzil, minik avtomobili və digər aztapılan malların ədalətlə bölüşdürülməsi prinsipinə ciddi əməl olunmasına şəxsən nəzarət edirdi.
İqtisadiyyatın sürətli inkişafı. Heydər Əliyev 1969-1982-ci illərdə respublika rəhbəri olarkən 250-dən çox fabrik və zavod işə salındı. Onlardan ən əhəmiyyətlisi 1975-ci ildə Bakıda tikilən Məişət kondisionerləri zavodu idi. Bu illərdə respublikamızın neft-maşınqayırma sənayesi də əsaslı şəkildə yenidən quruldu. Azərbaycan rəhbərliyi bu məqsədlə Mərkəzi hökumətin böyük məbləğdə vəsait ayırmasına nail oldu. Nəticədə, Azərbaycan İttifaq miqyasında neft çıxarılmasında öz əvvəlki mövqeyini itirsə də, neft-maşınqayırma sahəsində üstün mövqeyini daha da möhkəmləndirdi.