1950-ci illərin ikinci yarısında mülayimləşmə siyasəti nəticəsində repressiyaya məruz qalmış ictimai xadimlərin, elm və mədəniyyət nümayəndələrinin bir qismi bəraət aldı. Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli də bəraət alanlar sırasında idilər. Yüzlərlə kitabın, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanının, A.Bakıxanovun və Heydər Hüseynovun əsərləri üzərindən qadağalar götürüldü. Həmin əsərlərin kütləvi tirajla yenidən nəşr edilməsi qərara alındı.
Hazırda “Kitabi-Dədə Qorqud” dastanına münasibət necədir?
Azərbaycan bəstəkarları yeni-yeni əsərlər yaradırdılar. Fikrət Əmirovun “Sevil” operası, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri milli musiqimizi xeyli zənginləşdirdi. Niyazi “Rast”, Süleyman Ələsgərov “Bayatı-Şiraz” simfonik muğamlarını bəstələdilər. Bu əsərlər Azərbaycan musiqisinin dünya miqyasında tanınmasına imkan verdi. Xalq musiqimizin gözəl ifaçıları olan Bülbül (Murtuza Məmmədov), Rəşid Behbudov, Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova böyük şöhrət qazandılar.
1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi ilə Azərbaycan kinofilmi dünya ekranlarına çıxdı. SSRİ-nin və dünyanın bir çox ölkələrinin kinoteatrlarında uğurla nümayiş etdirilən bu filmin yaradıcı kollektivi Dövlət mükafatına layiq görüldü. Kino sənətinin inkişafında “O olmasın, bu olsun”, “Uzaq sahillərdə”, “Ögey ana” bədii filmlərinin rolu da əvəzsiz idi.
Sizcə, filmlər dövrün ictimai-siyasi həyatını əks etdirən tarixi mənbə ola bilərmi?
Bu dövrün məşhur rəssamları - Səttar Bəhlulzadə, Tahir Salahov, Vəcihə Səmədova, Toğrul Nərimanbəyov öz tablolarında Azərbaycanın füsunkar təbiətini, zəhmətkeş insanların həyatını yüksək sənətkarlıqla əks etdirirdilər. Xalçaçı rəssam Lətif Kərimov milli naxışları müasirliklə birləşdirir, gözəl sənət nümunələri yaradırdı. Rəssamların çəkdikləri rəngarəng tablolar, heykəltəraşların Bakıda və respublikamızın digər şəhərlərində ucaltdıqları əzəmətli abidələr Azərbaycan incəsənətini xeyli zənginləşdirdi. Bu dövrdə yeni memarlıq abidələri də yaradıldı. Bakıda Hökumət Evi, Respublika stadionu, Akademiya şəhərciyi, Bakı Hava limanı, Dövlət Sirki inşa edildi. 1956-cı ildə Azərbaycan televiziyası, 1967-ci ildə Bakı metropoliteni istifadəyə verildi. 1940-1960-cı illərdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin inkişafında böyük uğurlar qazanıldı.