Maral Rəhmanzadə və Əzim Əzimzadə müharibə mövzusunda tablolar yaratdılar. Azərbaycan kinematoqrafçıları “Vətən oğlu”, “Bəxtiyar”, “T-9 sualtı gəmisi” filmlərini çəkdilər. 1941-ci ilin oktyabrında Sovet Azərbaycanının mədəniyyət xadimləri Cənubi Azərbaycanda sovet əsgərləri, Təbriz əhalisi qarşısında çıxış etdilər, tamaşa və konsertlər verdilər.
SSRİ rəhbərliyi 1944-cü ildə Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsini yaratdı. Hökumətin məqsədi dindarların Vətənin müdafiəsinə fəal surətdə qoşulmasına nail olmaq idi.
Yadınıza salın: İlk dövrlərdə Sovet hakimiyyətinin din sahəsində siyasəti necə idi?
Müharibədən sonrakı dövrdə təhsil və elmin inkişafı. Müharibədən sonra ittifaq miqyasında orta təhsilin səviyyəsini yüksəltmək üçün ümumtəhsil məktəblərində buraxılış imtahanları tətbiq edildi. Məktəbi əla qiymətlərlə bitirənlərə qızıl və gümüş medallar verilməsinə başlandı. Əvvəlcə icbari yeddiillik təhsilə, sonralar isə icbari səkkizillik təhsilə keçildi. 1966-cı ildən icbari onillik təhsil tətbiq edildi. Müharibədən sonrakı illərdə yeni ali məktəblər - Teatr, Xarici dillər, Rus dili və ədəbiyyatı institutları açıldı.
Müharibədən sonrakı ilk illərdə xalqımızın qabaqcıl elm və mədəniyyət xadimləri təqib və təzyiqlərə məruz qalırdılar. Azərbaycan alimləri mövcud rejimin ideologiyasından azacıq kənara çıxan fikirlərinə görə dərhal repressiyaya uğradılır, həbs və sürgün edilir, əsərləri isə qadağan olunurdu. Hakim ideologiyanın tarix elmi üzərində təzyiqi daha da güclənmişdi. Azərbaycan xalqının soykökü məsələsi qəsdən təhrif olunur, Şimali Azərbaycanın Rusiyaya könüllü birləşdirilməsi haqqında qeyri-elmi və uydurma fikirlər irəli sürülürdü. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tamamilə saxtalaşdırılırdı. Buna baxmayaraq, Azərbaycanın elm xadimləri müxtəlif sahələrdə tədqiqatlarını uğurla davam etdirir, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi üzrə fundamental əsərlər yaradırdılar.
Qobustan qaya rəsmləri və Azıx mağarasının tədqiqi haqqında məlumat toplayın.
Bu dövrdə görkəmli Azərbaycan alimləri tərəfindən yeni elmi məktəblər yaradılmışdı. Bu elmi məktəblərə neft-kimya sahəsində Yusif Məmmədəliyev, geologiyamineralogiya sahəsində Xudu Məmmədov, astronomiyada Nadir İbrahimov, riyaziyyatda Zahid Xəlilov və Əşrəf Hüseynov, bitkiçilikdə İmam Mustafayev və Həsən Əliyev, dilçilikdə Əbdüləzəl Dəmirçizadə, ədəbiyyatşünaslıqda Məmməd Arif Dadaşzadə, tarixşünaslıqda İsmayıl Hüseynov, Ziya Bünyadov və Əlisöhbət Sumbatzadə kimi tanınmış alimlər başçılıq edirdilər.
Ədəbiyyat və incəsənət sahəsində uğurlar. Müharibədən sonrakı dövrün Azərbaycan ədəbiyyatında şair Səməd Vurğunun yaradıcılığı xüsusi yer tuturdu. Ədəbiyyatımızın digər görkəmli nümayəndələri - şairlər Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə, yazıçılar Mir Cəlal Paşayev, Mehdi Hüseyn, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Sabit Rəhman və başqaları öz bədii yaradıcılıqlarında sovet ideologiyası çərçivəsində Vətən sevgisini tərənnüm edirdilər.