Yadınıza salın: "Kitabi-Dədə Qorqud" dastanı nəyə görə qadağan edilmişdi?
1950-ci illərin sonunda ermənilərin təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi yenidən qaldırıldı. Lakin N.Xruşşov Sovet İttifaqında 30-a qədər belə mübahisəli milli münaqişə ocağı olmasını nəzərə alaraq, Dağlıq Qarabağ məsələsinin müzakirəsinə son qoydu.
Bəhs edilən dövrdə Ermənistanda azərbaycanlı əhaliyə qarşı təzyiqlər gücləndi. Ermənistanda əhalinin çoxu azərbaycanlılar yaşayan rayonlarda Azərbaycan dilində qəzet çıxarılması dayandırıldı. İrəvan Azərbaycan Dram Teatrı, Azərbaycan məktəbləri üçün müəllim kadrları hazırlayan Pedaqoji texnikum bağlandı.
1965-ci ildə Ermənistanda uydurma erməni soyqırımının 50 illiyinin qeyd edilməsi respublikada antiazərbaycan əhvali-ruhiyyəsini gücləndirdi. Ermənilərin "Qarabağ Komitəsi" açıq fəaliyyətə keçdi. Xankəndində yaşayan bir neçə azərbaycanlı öldürüldü. Lakin Azərbaycan rəhbərliyinin qətiyyətli hərəkəti Dağlıq Qarabağ ermənilərinin millətçi, qanunazidd fəaliyyətinin genişləndirilməsinə imkan vermədi.
Azərbaycanın vətənpərvər ziyalıları və alimləri xalqın milli maraqlarını qorumaq uğrunda təşkilatlanmağa qərar verdilər. Onlar 1962-ci ildə gizli yığıncaq keçirib Milli Azərbaycan Qərargahı yaratdılar. Oqtay Rəfilinin sədr, Xudu Məmmədovun müavin olduğu bu təşkilatın əsas məqsədi azərbaycanlı kadrların mühüm vəzifələrə yerləşdirilməsinə nail olmaq idi.
Əlavə məlumatlar əsasında Milli Azərbaycan Qərargahının fəaliyyətini dəyərləndirin.
Mərkəzin göstərişi ilə Şimali Azərbaycanın Rusiyaya “könüllü birləşdirilməsinin 150 illiyinin təntənə ilə qeyd edilməsi bəzi ziyalılar arasında etirazlara səbəb oldu. 60-cı illərdə milli-mədəni dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsi sahəsində bir sıra mühüm addımlar atıldı. Azərbaycan KP MK-nın katibi Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı “Bahar bayramı” kimi rəsmən qeyd edilməyə başlandı.
1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sərhəd rayonlarından 2 min hektar ərazinin Ermənistana verilməsi haqqında 1938-ci il mayın 5-də qəbul edilmiş qərarı təsdiq etdi. Yalnız 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldikdən sonra bu qərarın icrasına imkan vermədi.
İqtisadiyyatda yeniliklər. 1950-ci illərin ikinci yarısı - 60-cı illərdə Bakıda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə, Əli Bayramlıda (indiki Şirvan) yeni sənaye müəssisələri inşa edildi.