Şəxsiyyətə pərəstiş nədir? Fikirlərinizi bildirin.
Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov vəzifəsindən çıxarıldı və həbs edildi. 1956-cı ildə isə xalq düşməni kimi güllələnməyə məhkum olundu.
1954-cü ildə İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildi. Azərbaycanda demokratik dəyişikliklər başlandı, milli məsələyə diqqət artırıldı, xalqın vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atıldı. Repressiyaya məruz qalmış minlərlə azərbaycanlıya bəraət verildi. Azərbaycanlı gənclərin rayonlardan gəlib Bakıda işləməsinə imkan yaradıldı. Bakı ətrafındakı qəsəbələr şəhər rəhbərliyinə tabe edildi. Görülən bu və digər tədbirlər Bakının gələcək taleyinə ciddi təsir göstərdi. Belə ki Mərkəzin Bakıda rusdilli əhalinin çoxluq təşkil etməsini əsas götürərək onu beynəlmiləl şəhər kimi Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etmək planı pozuldu.
Sizcə, mərkəzi hökumət nəyə görə məhz Bakı şəhərini birbaşa Moskvaya tabe etməyə can atırdı?
Bu dövrdə Azərbaycan SSR Konstitusiyasına dövlət dilinin Azərbaycan dili olması haqqında yeni maddə əlavə edildi. Respublikanın dövlət idarələrində sənədləşmə işləri Azərbaycan dilində aparılmağa başlandı. Təhsil müəssisələrində Azərbaycan tarixi fənninin tədrisinə diqqət artırıldı. Azərbaycan tarixi üzrə dərslik və ümumiləşdirilmiş əsərlər yaradılması haqqında qərar qəbul edildi. Repressiyaya məruz qalmış yazıçı və şairlərin əsərləri yenidən nəşr olundu.
Azərbaycanda milli oyanış açıq şəkildə hiss olunmağa başlandı. Ədəbiyyatda yeni, xalqın taleyi ilə bağlı, ictimai maraq doğuran problemlərdən cəsarətlə bəhs edən əsərlər yarandı. Bəxtiyar Vahabzadənin "Gülüstan", Rəsul Rzanın "Qızılgül olmayaydı" poemaları, İsa Hüseynovun povestləri milli oyanışa böyük təsir göstərdi.
Sovet rəhbərliyinin Azərbaycanda milli oyanışın qarşısını almaq tədbirləri. Sovet rəhbərliyi Azərbaycanda milli oyanışı, Azərbaycan dilinin dövlət dili kimi idarə və təşkilatlarda tətbiq edilməsini narahatlıqla qarşıladı. Mərkəzi hökumət rusdilli əhalinin bununla bağlı narazılığını bəhanə edərək respublika rəhbərlərinə təzyiqi gücləndirdi. Azərbaycanda genişlənən milli oyanışın qarşısını almaq üçün Moskvanın göstərişi ilə 1959-cu ildə İ.Mustafayev vəzifəsindən uzaqlaşdırıldı, Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi seçildi.