SSRİ hökumətinin Azərbaycandakı iqtisadi siyasətini çar Rusiyasının müstəmləkəçi iqtisadi siyasəti ilə müqayisə edin.
Müharibədən sonrakı illərdə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün mühüm addımlar atıldı. Xırda, azgəlirli kolxozlar birləşdirilərək iri kənd təsərrüfatı kollektivləri yaradıldı. Bu dövrdə dövlət pambıq, ipək, tütün, üzüm və tərəvəz istehsalının artırılmasına xüsusi diqqət yetirirdi. Lakin əhalinin ərzaqla təmin edilməsində çox önəmli yer tutan taxılçılıq və heyvandarlıq sahələrinə ciddi fikir verilmirdi.
Sovet rəhbərliyi müharibə dövrünün çətinliklərini aradan qaldırmaq, əhalinin dolanışıq şəraitini yüngülləşdirmək üçün bir sıra tədbirlər görürdü. Ərzaq və digər gündəlik tələbat məhsullarının satışı üzrə talon sistemi ləğv edildi. Lakin gündəlik tələbat mallarının qiyməti müharibədən əvvəlki dövrə nisbətən yenə də çox baha idi. Ona görə də sovet rəhbərliyi gündəlik tələbat məhsullarının qiymətini ilbəil ucuzlaşdırmağa başladı.
SUAL VƏ TAPŞIRIQLAR:
Sovet dövlətinə 30 ildən artıq rəhbərlik etmiş İ.Stalin 1953-cü ildə vəfat etdi. Onun ölümündən dərhal sonra Sovet İttifaqının ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş verdi. Bu dəyişikliklər nədən ibarət idi? Xalqımız ittifaq miqyasında başlanmış mülayimləşmə siyasətindən necə yararlandı?
Mülayimləşmə siyasəti, şəxsiyyətə pərəstişin tənqidi, İmam Mustafayev, “Gülüstan” poeması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi, Şıxəli Qurbanov
Mülayimləşmə siyasəti. İ.Stalinin ölümündən az sonra Nikita Xruşşov Sov.İKP MK-nın birinci katibi seçildi. Onun hakimiyyəti zamanında Sovet totalitar sisteminin yumşalması baş verdi. Dövlətin idarə edilməsində Stalin dövrünün amansız, qanlı metodlarından imtina edildi, həbsdə olanlara geniş əfv tətbiq olundu.
Milli siyasətdə də mülayimləşmə meylliləri başlandı. Təsərrüfat planlarının hazırlanmasında və mədəni həyatın idarə olunmasında müttəfiq respublikaların hüquqları müəyyən dərəcədə genişləndirildi. Mərkəzi hökumət məhkəmə quruculuğu, mülki, cinayət və məhkəmə məcəllələrinin qəbulunu respublikaların ixtiyarına verdi. Sov.İKP-nin XX qurultayında Stalin dövrünün cinayətləri, özbaşınalıq və qanunsuzluqları üzə çıxarıldı, Stalin şəxsiyyətinə pərəstiş tənqid edildi.