Neft sənayesinə yeni texniki avadanlıq və texnologiyaların tətbiqi genişləndi, yeni neft yataqları istismara verildi.
Azərbaycan neftçiləri dünyada ilk dəfə açıq dənizdə neft çıxarmağa başladılar. 1949-cu ildə “Neft daşları”nda ilk neft quyusu fontan vurdu. Sonrakı illərdə Xəzər dənizində yeni neft estakadaları quruldu və dənizin dərin qatlarından çıxarılan neft hasilatı sürətlə artmağa başladı. Azərbaycanın təcrübəli neftçiləri Sovet İttifaqının müxtəlif regionlarında, xüsusən Volqaboyu və Uralda yeni neft yataqlarının kəşfində və istismarında böyük xidmətlər göstərdilər.
Respublikamızda müharibədən sonrakı illərdə yeni kimya, dağ-mədən, qara və əlvan metallurgiya, tikinti, yüngül və yeyinti sənayesi müəssisələri, nəhəng energetika obyektləri inşa edilməyə başlandı. Sumqayıt, Mingəçevir, Daşkəsən, Əli Bayramlı (indiki Şirvan) kimi yeni sənaye şəhərləri yarandı. Sumqayıt Sovet İttifaqının əsas kimya sənayesi mərkəzlərindən birinə çevrildi. 1954-cü ildə Qafqazda ən böyük Mingəçevir SES və Daşkəsən filizsaflaşdırma kombinatı istifadəyə verildi. Lakin sovet rəhbərliyi Azərbaycanda daha çox gəlir gətirən son məhsul istehsalı müəssisələri yaradılmasına mane olurdu. Ona görə də Daşkəsəndə saflaşdırılan dəmir filizi sonrakı emal üçün Gürcüstana - Rustavi metallurgiya zavoduna göndərilirdi.