Qərarın 11-ci maddəsinə əsasən, boşaldılan ərazilərə dərhal xaricdən gəlmiş ermənilərin yerləşdirilməsinə başlanıldı.
Nəticədə, Ermənistan SSR-də yaşayan azərbaycanlılar 1948-1953-cü illərdə öz tarixi torpaqlarından zorla çıxarıldı. Onlar Sabirabad, Saatlı və digər aran rayonlarında yerləşdirildilər. Dağlıq yerlərdə yaşamış insanların Kür-Araz ovalığına, yaşayış üçün heç bir şərait yaradılmayan yerlərə köçürülməsi çox ağır nəticələr verdi. Çox keçmədən köçürülənlərin üçdə bir hissəsi dünyadan köçdü. Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası ilə yanaşı, burada tarixi Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi həyata keçirildi. Azərbaycanda Mərkəzin göstərişi ilə digər proses də baş verdi. Müharibədən sonrakı illərdə Bakıya, Gəncəyə, yeni yaradılan sənaye mərkəzlərinə minlərlə erməni ailəsi köçürüldü. Bakıda, Dağlıq Qarabağda erməni lobbisi1 yaradıldı.
Xalqımıza qarşı bu qəddar tədbirlərə, soydaşlarımızın həyatına və əmlakına qarşı zorakılıqlara yalnız 50 il keçdikdən sonra hüquqi qiymət verildi. 1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla 1948-1953-cü illərdə Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası etnik təmizləmə və soyqırımı siyasəti kimi qətiyyətlə pisləndi.
Xaricdən hər bir şəxsin SSRİ-yə gəlişində casusluq məqsədi axtaran hökumət nəyə görə xaricdəki ermənilərə etibar edib onları Ermənistana köçürürdü? Fikirlərinizi bildirin.
İqtisadi inkişaf. Müharibə Azərbaycan iqtisadiyyatına, xüsusən neft sənayesinə ağır zərbə vurdu. Cəbhəni fasiləsiz olaraq neft məhsulları ilə təmin etmək üçün neft yataqlarının istismarı qaydalarına əməl edilməməsi, ixtisaslı kadrların çatışmaması, neft maşınqayırması müəssisələrinin hərbi sifarişlər yerinə yetirməyə yönəldilməsi müharibənin sonunda neft hasilatının iki dəfədən çox aşağı düşməsinə səbəb oldu. Başqa sənaye sahələrində və kənd təsərrüfatında da işçi qüvvəsinin çatışmaması və digər problemlərlə bağlı məhsul istehsalı kəskin şəkildə azaldı.
Azərbaycan rəhbərliyi qısa müddət ərzində iqtisadiyyatın bərpa olunması və müharibədən əvvəlki səviyyəni də ötüb-keçməsi vəzifəsini irəli sürdü. İqtisadiyyata əsaslı vəsait qoyuluşu artırıldı. Minlərlə gənc sənət məktəblərində qısa hazırlıqdan sonra neft mədənlərinə, fabrik və zavodlara işləməyə göndərildi.
1 Lobbi - bir qrup şəxsin və ya təşkilatın hakimiyyət orqanlarına təsir göstərərək özünə sərfəli qərarların qəbul edilməsinə nail olmaq üçün göstərdiyi fəaliyyət