Tariximizin təhrif edilməsində məqsəd nə idi? Fikrinizi əsaslandırın.
Ermənistanın Dağlıq Qarabağa iddia qaldırması. Müharibə başa çatan kimi Sovet dövlətində yüksək vəzifə tutan və İ.Stalinə yaxın olan A.Mikoyanın təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi irəli sürüldü. Onun tapşırığı ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradıldı və Ermənistan rəhbərliyi 1945-ci ilin payızında Dağlıq Qarabağı onlara vermək haqqında sovet rəhbərliyi qarşısında məsələ qaldırdı. Ermənistan tərəfi DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi təklifini Dağlıq Qarabağ əhalisinin əksəriyyətinin erməni olması və vilayətin “iqtisadiyyatının qonşu respublika ilə sıx bağlılığı və ümumsovet mənafeyi” ilə əsaslandırmağa çalışdı.
1945-ci ilin payızında Ermənistan K(b)P MK rəhbərliyi İ.Stalinə müraciət edərək yenidən Dağlıq Qarabağ məsələsini qaldırmış, bu ərazinin Ermənistana verilməsini tələb etmişdi. İ.Stalin həmin məktubu M.C.Bağırova göndərmişdi. M.C.Bağırov cavab məktubunda aşağıdakıları bildirmişdi: “...nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Ermənistan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan SSR-ə bitişik olan və əsasən, azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycanın tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır...
Gürcüstanlı yoldaşlar Azərbaycan SSR-in Balakən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSR-in tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Bu halda Gürcüstan SSR-in, demək olar ki, yalnız azərbaycanlıların yaşadığı və Azərbaycan SSR-ə bitişik olan Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır.
Nəhayət, biz Dağıstan MSSR-in keçmişdə Azərbaycanın bir hissəsi olan, Bakı quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSR-ə bitişik Dərbənd və Qasım- kənd rayonları ərazilərinin Azərbaycan SSR-in tərkibinə daxil edilməsi məsələsinə baxmağınızı xahiş edirik".
Mətnə və mənbəyə əsasən, M.C.Bağırovun Dağlıq Qarabağla bağlı mövqeyini müzakirə edin.
M.C.Bağırovun bu məsələ ilə bağlı göndərdiyi cavab məktubunu müzakirə edin.
Mərkəzin bu məsələyə Azərbaycanın necə baxması sorğusuna Azərbaycan rəhbəri M.C.Bağırov, əhalisinin əksəriyyəti azərbaycanlı olan Şuşa rayonu istisna olmaqla, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinin əvəzində, Ermənistanda, Gürcüstanda və Dağıstanda azərbaycanlıların çoxluq təşkil etdiyi tarixi Azərbaycan torpaqlarının - Zəngəzur, Göyçə, Borçalı, Dərbənd bölgələrinin Azərbaycana qaytarılmasını şərt kimi irəli sürdü. Sovet rəhbərliyi və Ermənistan belə ərazi dəyişikliyinə getməkdən imtina etdi. Çünki Zəngəzur Azərbaycana qaytarılardısa, Türkiyə və Azərbaycan arasında süni yaradılmış “erməni ərazisi” ləğv edilərdi.
Azərbaycanlı əhalinin Ermənistandan deportasiyası. Sovet rəhbərliyi 1946-cı ilin oktyabrında xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında qərar qəbul etdi. Respublikaya yeni gələn ermənilərə azərbaycanlıların yaşadığı torpaqları boşaltmaqla yer verilməli idi. Ona görə də SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi.