Azərbaycan Xalq konqresi çağırıldı və bu qurum özünü Müəssislər Məclisi elan etdi. Müəssislər Məclisi Cənubi Azərbaycanı idarə etmək üçün Milli Məclisin çağırılmasını, Milli hökumətin yaradılması tələbini irəli sürdü. 1945-ci ilin noyabrında Milli Məclisə seçkilər keçirildi. Dekabrın 12-də Milli Məclis işə başladı və S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaradıldı.
Milli hökumətin inqilabi tədbirləri. Sovet hərbi hissələrinin Şimali İranda olması şah hökumətinin Cənubi Azərbaycana açıq hərbi müdaxilə etməsinə imkan vermədi. Azərbaycan Milli hökuməti İran dövləti çərçivəsində Cənubi Azərbaycana muxtariyyət verilməsi tələbini bir daha irəli sürdü. 1946-cı ilin ilk aylarında yerli hakimiyyət orqanları fəaliyyətə başladı.
Həmin ilin iyununda Təbriz Universiteti açıldı.
1946-cı ildə Cənubi Azərbaycanda Milli Məclisin qəbul etdiyi qanunlar | |
Aqrar qanun |
|
“Əmək haqqında” Qanun |
|
“Dil haqqında” Qanun |
|
Cənubi Azərbaycan Milli hökuməti ilə AXC-nin milli-mədəni quruculuq tədbirlərini müqayisə edin.
İran hökuməti 1946-cı ildə Şimali İranda neft çıxarılmasını Sovet İttifaqına konsessiyaya1 verməyi vəd etdi. Əvəzində isə Sovet hökuməti Cənubi Azərbaycan məsələsində bitərəf qalmağı öhdəsinə götürdü. Bunun ardınca Sovet İttifaqı öz qoşunlarını da tələsik İrandan çıxardı.
1946-cı ilin iyununda İran hakim dairələri Təbrizdə Milli hökumətlə müqavilə bağladı, İran tərkibində Cənubi Azərbaycana bəzi hüquqlar verilməsi haqqında razılıq əldə edildi. İran hökuməti həmin dövrdə SSRİ, ABŞ və İngiltərə arasındakı İranla bağlı ziddiyyətlərdən bacarıqla istifadə etdi. “İran məsələsi”ni BMT-də müzakirəyə çıxardı. ABŞ və İngiltərə Milli hökuməti sovet rəhbərliyinin istəklərinə xidmət edən bir qurum kimi qiymətləndirdikləri üçün, eləcə də SSRİ-nin İrandakı nüfuzuna zərbə vurmaq məqsədilə şah hökumətinə hərtərəfli yardım göstərdi. İran ordusu Cənubi Azərbaycanda hərbi əməliyyatlara başlayaraq dekabrın 12-də Təbrizə daxil oldu, ADF və Milli hökumət rəhbərləri güllələndi. Sovet rəhbərliyinin xəyanəti də Milli Hökumətin süqutunun səbəblərindən biri oldu. S.C.Pişəvəri və bir qrup yaxın silahdaşı sovet rəhbərliyinin göstərişinə əsasən Sovet İttifaqına aparıldı. Minlərlə vətənpərvər də Azərbaycan SSR-ə mühacirət etdi. S.C.Pişəvəri 1947-ci ildə müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu.
1Konsessiya - ölkə daxilində sənaye müəssisələri təşkil etmək, faydalı qazıntılar çıxarmaq üçün icazə.