Az sonra İngiltərə və ABŞ İranın cənubuna qoşun yeritdilər və müharibənin sonuna qədər orada qaldı. Müharibə illərində İran müttəfiq dövlətlər arasında əsas nəqliyyat arteriyasına çevrildi. ABŞ və İngiltərə İran ərazisi vasitəsilə Sovet İttifaqına silah, hərbi texnika, ərzaq göndərilməsini qaydaya saldı.
Milli demokratik hərəkatın canlanması. 1941-ci ilin sentyabrında İngiltərənin təzyiqi ilə Rza şah istefa verib Misirə getdi, oğlu Məhəmməd Rza şah taxta çıxdı. Rza şahın hərbi-polis rejimi iflasa uğradı, demokratik hərəkat canlandı. Cənubi Azərbaycan bu hərəkatın önündə gedirdi. İran Xalq Partiyasının Azərbaycan təşkilatının təşəbbüsü ilə antifaşist cəmiyyətlər yaradıldı, ana dilində qəzet və jurnalların nəşrinə başlanıldı. Sovet ordusunun azərbaycanlı zabitləri Təbrizdə “Vətən yolunda” adlı qəzetin nəşrini təşkil etdilər. Cənubi Azərbaycanda demokratik hərəkatın birinci mərhələsi 1941-ci ilin payızından 1945-ci ilin yayına qədərki dövrü əhatə etdi. Bu dövrdə demokratik qaydalar bərqərar oldu, milli şüurun oyanması baş verdi. Əsasən, bahalığa, möhtəkirliyə, rüşvətxorluğa qarşı mübarizə aparıldı, ana dilinin və milli mədəniyyətin inkişafı üçün addımlar atıldı.
Cənubi Azərbaycanda baş verən hərəkatın milli-demokratik xarakter daşıdığını əsaslandırın.
1945-ci ilin yayında milli-demokratik hərəkatın yeni mərhələsi başlandı. Bu mərhələdə İran hakim dairələri, Cənubi Azərbaycanda iri torpaq və yüksək mənsəb sahibləri demokratik hərəkatı boğmaq cəhdlərini gücləndirdilər. Onlar ictimai vəziyyəti gərginləşdirməyə çalışır, silahlı dəstələr təşkil edərək həm etnik zəmində, həm də oturaq əhali ilə yarımköçəri maldar əhali arasında toqquşmalar törədirdilər. Cənubi Azərbaycanın demokratik qüvvələri bu fitnəkarlıqların qarşısını almaq üçün hərəkətə keçdilər.
1945-ci ilin sentyabrında demokratik hərəkatın fəal nümayəndələrinin təşəbbüsü ilə Azərbaycan Demokratik Firqəsi1 (ADF) yaradıldı. Seyid Cəfər Pişəvəri partiyanın sədri seçildi. ADF-in yaradılması haqqında bəyanatda partiyanın demokratik İran dövləti tərkibində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparacağı elan edildi. Bəyanatda həmçinin partiyanın geniş sosial-iqtisadi islahatlar keçirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, cəmiyyətin demokratikləşməsi, Cənubi Azərbaycanda yaşayan bütün insanlara hüquq bərabərliyi verilməsi uğrunda çalışacağı da qeyd olunmuşdu.
ADF-in yaradılması haqqında bəyanatı AXC-nin “İstiqlaliyyət Bəyannaməsi" ilə müqayisə edin.
Sovet İttifaqının rəhbəri İ.Stalin və Azərbaycan K(b)P MK birinci katibi M.C.Bağırov Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında tam məlumata malik idi. Sovet rəhbərliyi bu hərəkata hərtərəfli yardım göstərməyi vəd etmişdi. Həmin dövrdə Şimali İranın sovet qoşunlarının nəzarətində olması Cənubi Azərbaycanda demokratik qüvvələrin sərbəst fəaliyyətinə imkan verirdi.
1945-ci ilin payızında Təbrizdə ADF-nin orqanı olan “Azərbaycan” qəzeti ana dilində nəşrə başladı. ADF açıq şəkildə fədai dəstələri yaratdı, Marağa, Zəncan, Ərdəbil və digər şəhərlərdə demokratik hakimiyyət orqanları təşkil etdi. Təbrizdə faktiki hakimiyyət ADF rəhbərliyinin nəzarətinə keçdi.
1 Firqə - partiya