Sovet İttifaqına ildırımsürətli zərbə vurmaq üçün “Barbarossa” planı hazırlandı. Almaniya 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. Bununla Azərbaycan da İkinci Dünya müharibəsinə cəlb edildi. Almaniya öz işğal planında Azərbaycanın əlverişli geosiyasi-strateji mövqeyinə və neftinə xüsusi əhəmiyyət verirdi. Rozenberqin “Qafqazın idarə olunması planı”na görə, mərkəzi Tiflis olan Qafqaz reyxkomissarlığı yaradılmalı və Azərbaycan komissarlığı ona tabe edilməli idi. Almaniya SSRİ-ni məğlub etdikdən sonra türk xalqlarının yaşadıqları bütün əraziləri zəbt edib özündən asılı olan “Böyük Türküstan” dövləti yaratmaq planını irəli sürdü. Azərbaycan bütövlükdə bu dövlətə qatılmalı idi. Hitler Bakı neftini çıxarmaq və emal edib daşımaq üçün Almaniyanın “Kontinental neft cəmiyyəti”nə xüsusi tapşırıq da vermişdi.
Neft və neft məhsullarının müharibədə əhəmiyyəti nədən ibarət idi? Fikrinizi bildirin.
Almaniya baş qərargahı Qafqaza hücum planı hazırlamışdı. “Edelveys1” adlanan bu plana görə, Bakı 1942-ci ildə zəbt olunmalı idi. Alman ordusu 1942-ci ilin yayında ağır döyüşlərdən sonra Qafqazın şimal hissəsini ələ keçirib Böyük Qafqaz dağlarına çatdı. Bu zaman ABŞ və İngiltərə Qafqaza dair “Vilvet2” planını irəli sürdü. Bu plana görə, Qafqazda ağır müdafiə döyüşləri aparan sovet ordusu hissələri buradan çıxarılıb Stalinqradın müdafiəsinə cəlb edilməli, Qafqazda ABŞ və İngiltərə hərbi qüvvələri yerləşdirilməli idi. İ.Stalin bu planı rədd etdi. Sovet rəhbərliyinin də Qafqazla bağlı çirkin planı var idi. Müharibə dövründə Qafqazın bütün türk-müsəlman əhalisinin, o cümlədən azərbaycanlıların zorla Mərkəzi Asiya və Qazaxıstana köçürülməsi nəzərdə tutulurdu. Azərbaycan SSR-in ozamankı rəhbəri Mircəfər Bağırov bunun qarşısını ala bildi. Dağıstan əhalisinin deportasiyasına isə o dövrdə Dağıstan MSSR-ə rəhbərlik edən Əziz Əliyev imkan vermədi.
Almanlar 1942-ci ilin payızında Şimali Qafqazın çox hissəsini zəbt edib Dağıstana yaxınlaşdılar. Dağıstan əhalisi vahiməyə düşərək evlərini tərk edir, qadınlar, qocalar dağlara pənah aparırdılar Dağıstanın işğalı ilə Bakıya yol açılırdı. Vəziyyətdən necə çıxış yolu tapmalı? Dağıstanın müdafiəsini kimə etibar etməli? Moskvada bu suallara cavab axtararkən Əziz Əliyevin üzərində dayandılar. Böyük alim, siyasi və dövlət xadimi Əziz Əliyev 1942-ci ilin oktyabrında Dağıstana rəhbər təyin edildi. Əziz Əliyevin rəhbərliyi ilə keçirilən ilk toplantıda o, üzünü Dağıstan ağsaqqallarına tutub dedi: “Qocalar da, qadınlar da, uşaqlar da əsgər olmalıdır, əgər xalqda birlik olarsa, onu məğlub etmək olmaz... Doğma Qafqazı müdafiə etmək, düşməni dağlarımıza buraxmamaq vəzifəsi bizim boynumuza düşür...”
Dağıstanın idarə olunmasına azərbaycanlı dövlət xadiminin təyin olunması nə ilə bağlı ola bilərdi? Ehtimallarınızı bildirin.
1Edelveys - almanca dağ çiçəyi.
2Vilvet - ingiliscə mənfəət.