Sona xanım İbrahim qızı Vəlixan (1883-1982)
Üzeyir Hacıbəyli (1885-1948)
Böyük bəstəkar Üzeyir Hacıbəyli müsəlman Şərqində ilk operanın və ilk musiqili komediyanın yaradıcısı kimi Azərbaycan mədəniyyət tarixində dərin iz qoymuşdur. O, 1921-ci ildə ilk konservatoriyanı, 1922-ci ildə isə Azərbaycan musiqi məktəbini yaratmışdır. Musiqi məktəbinə, əsasən, azərbaycanlılar qəbul edilirdi. Birinci təhsil ilində 383 şagirddən 350-si azərbaycanlı idi.
Lozanna və Sankt-Peterburq universitetlərində ali təhsil almış Sona Vəlixan göz xəstəliklərinin müalicəsi sahəsində yüksək elmi nəticələr əldə etdi. Hətta bu elmi nəticələrə görə azərbaycanlı alim Nobel mükafatına təqdim olundu. Lakin İkinci Dünya müharibəsinin başlanmasına görə Nobel komitəsinin mükafat verilməsini dayandırması səbəbindən bu iş yarımçıq qaldı.
İncəsənət və memarlıq. 1920-30-cu illərdə Azərbaycanda Dram, Opera və Balet, Kukla və Musiqili Komediya teatrları fəaliyyət göstərirdi. Azərbaycan sovet musiqisinin inkişafında əvəzsiz xidmətlərini davam etdirən dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bəstələdiyi “Koroğlu” operasının 1937-ci ildə tamaşaya qoyulması mədəni həyatımızda böyük hadisə oldu. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski muğam sənətinin böyük korifeyləri səviyyəsinə yüksəldilər.
1926-cı ildə Azərbaycan kinostudiyası və respublika radiosu fəaliyyətə başladı. Bu qurumlar mədəniyyət və incəsənət nailiyyətlərinin geniş xalq kütlələrinə çatdırılmasında çox böyük rol oynadılar.
Bu dövrdə rəssamlığın inkişafında Əzim Əzimzadə və Rüstəm Mustafayev böyük xidmətlər göstərdilər.
Azərbaycanda milli heykəltəraşlıq sənətimizin ilk nümunəsi yaradıldı - Bakıda xalqımızın böyük şairi M.Ə.Sabirə heykəl ucaldıldı. Lakin respublikamızda daha çox Lenin, Stalin, Kirov, Şaumyan və başqalarına abidələr qoyulur, Bakının küçə və meydanlarına, əsasən, onların adı verilirdi.
Ədəbiyyat. Sovet hökuməti Azərbaycan ədəbiyyatını tamamilə nəzarət altına almağa, siyasi və ideoloji təzyiq altında saxlamağa çalışırdı. Azərbaycan yazıçı və şairlərinin bir hissəsi yeni proletar ədəbiyyatının yaradılması prosesinə qoşulmuşdu. Gənc şairlər - Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim və başqaları sosializm cəmiyyəti quruculuğunu tərənnüm edirdilər. Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq və digər qələm sahibləri isə kommunist ideologiyasına xidmət etmək istəmir, dövrün real həyatını əks etdirməyə çalışırdılar. Ona görə də repressiyaya məruz qaldılar.