Sovet hakimiyyəti qurulduqdan sonra yeni təhsil sistemi, yeni mədəni dəyərlər tətbiq edilməyə başlandı. 1930-cu illərdə mədəni inqilab tədbirləri çox ağır keçdi. Lakin Sovet hökuməti öz ideologiyasını1 xalqların beyninə yeritmək, təbliğat aparmaq işini səylə həyata keçirirdi. Bəs bu siyasət necə aparılırdı? Dövlətin göstərişi ilə hansı sahələrin inkişafı davam edirdi?
Savadsızlığı ləğvetmə tədbirləri, institutların açılması, əlifbanın dəyişdirilməsi, Sona Vəlixan, Üzeyir Hacıbəyli, “Koroğlu” operası, Azərbaycan radiosu
Yeni sovet təhsil sisteminin yaradılması. Sovet hakimiyyətinin əsas məqsədi sosialist dünyagörüşünə malik olan, yeni quruluşa sədaqətli gənc nəsil yetişdirmək idi. Azərbaycanın Moskvaya tabe olan iqtisadiyyatını inkişaf etdirmək üçün savadlı yerli kadrlar hazırlanmasına ehtiyac vardı. Bolşevik rejimi Azərbaycanı “başdan-başa savadsızlar ölkəsi” hesab edir, dini məktəblərdə verilən təhsili nəzərə almırdı. Azərbaycan əhalisinin yalnız çar hökuməti dövründə açılmış məktəblərdə təhsil almış nümayəndələri savadlı sayılırdı.
Hökumət əvvəlki dövrdə nəinki Avropa və Türkiyədə, hətta Rusiyada ali təhsil almış milli kadrlara da etibar etmirdi. Müstəqil dövlətçiliyə xidmət etmiş milli ziyalıları isə xüsusi nəzarətdə saxlayırdı. Sovet hökuməti 1920-ci illərdə “savadsızlıqla mübarizə” kampaniyasına başladı, bazar günü və axşam kursları açdı. Bu kurslarda fəhlələrə əlifba, yazmaq və oxumaq öyrədilirdi.
1920 - 1930-cu illərdə məktəblər şəbəkəsi genişləndi. Proqram və dərsliklər yeniləndi, ictimai fənlərdə beynəlmiləlçilik ön plana çəkildi. 1920 - 1930-cu illərdə hökumət Azərbaycanda ali təhsilin inkişafı üçün xeyli iş gördü. Pedaqoji, Politexnik, Tibb və Kənd Təsərrüfatı institutları açıldı. Bakıda Şərqin ilk konservatoriyası fəaliyyətə başladı.
Çar Rusiyası ilə SSRİ-nin təhsil siyasətini müqayisə edin.
1929-cu ildə ərəb əlifbası latın əlifbası ilə əvəz olundu. Əlifba islahatına görkəmli ictimai xadim Səmədağa Ağamalıoğlu başçılıq edirdi. 10 il sonra isə kiril-rus əlifbasına keçilməsi haqqında qərar verildi.
Azərbaycandakı əlifba dəyişikliyini M.FAxundzadənin əlifba ilə bağlı fəaliyyətinin davamı hesab etmək olarmı? Fikrinizi əsaslandırın.
Elmin inkişafı. Sovet Azərbaycanında müxtəlif elm sahələri üzrə laboratoriyalar, tədqiqat institutları yaradıldı. 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı təsis edildi. Neft-kimya sahəsində Azərbaycan alimlərinin axtarışları böyük elmi kəşflərlə nəticələndi. Kimyaçı alimlər neft tullantılarından benzol alınması üsulunun kəşfinə nail oldular. O zamana qədər SSRİ bu qiymətli məhsulu ABŞ-dan baha qiymətə satın alırdı. Alimlərimiz mədən sularından yod alınması üsulunu da kəşf etdilər. Bakıda Yod zavodu inşa edildi. Fizika elmi sahəsində tanınmış alim X.Əmirxanovun yarımkeçiricilərlə bağlı araşdırmalarının nəticələri böyük elmi kəşf kimi qiymətləndirildi.
1 İdeologiya - fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər