Konstitusiyada Azərbaycan vətəndaşlarının formal da olsa, geniş demokratik azadlıqlarının və hüquqlarının, o cümlədən ümumi və birbaşa seçki hüquqlarının olduğu yazılmışdı. Lakin bu hüquqların heç bir real təminatı yox idi. Azərbaycanda yerli və ali hakimiyyət orqanlarına seçkilər dövlətin və partiyanın sərt nəzarəti altında keçirilirdi. Seçkilərdə, bir qayda olaraq, Kommunist Partiyasının bir namizədi irəli sürülür və o, çox yüksək faizlə “qələbə” qazanırdı. Kütləvi saxtalaşdırma şəraitində keçirilən seçkilərin nəticələri nə SSRİ-nin, nə də Azərbaycanın siyasi həyatında heç bir dəyişiklik yaratmırdı. SSRİ-nin və Azərbaycanın rəhbərləri uzun müddət dəyişməz olaraq qalırdılar.
Əlavə məlumatlar əsasında Azərbaycan xalqının adının dəyişdirilməsini müzakirə edin.
Cənubi Azərbaycanda soydaşlarımızın milli hüquqlarının tapdalanması. Qacartürk sülaləsinə mənsub Əhməd şahın dövründə ölkədə iqtisadi və siyasi vəziyyət çox ağır idi. Şah rejimi yeritdiyi siyasət nəticəsində milli və sosial dayaqlarından məhrum olunmuşdu. Belə bir vaxtda fars əsilli Hərbi nazir Rza xan “respublika uğrunda hərəkat” adı altında ölkədə mübarizəyə başladı və Cənubi Azərbaycanın demokratik qüvvələrinin köməyi ilə Qacar sülaləsini taxtdan saldı. 1925-ci ildə Rza xan özünü şah elan etdi, İranda minillik müddətdən sonra fars əsilli Pəhləvi sülaləsi hakimiyyətə gəldi. O bütün siyasi partiyaları qadağan etdi və sərt mərkəzləşdirilmiş diktatura rejimi qurdu.
Cənubi Azərbaycanın İranın siyasi həyatında əsas qüvvə olduğunu əsaslandırın.
Rza şah onun taxta çıxmasında həlledici rol oynamış Cənubi Azərbaycanda milli ayrı-seçkilik siyasəti yeritməyə başladı. O, farsları ölkədə hakim millətə çevirməyə, Azərbaycan türklərini isə məhv etməyə çalışırdı. Azərbaycan türkləri ana dilində təhsil almaq, kitab və qəzet çap etmək hüququndan məhrum edildilər. Məktəblərdə və dövlət idarələrində türkcə danışmaq qəti qadağan olundu. Türk dilində olan kitablar və əlyazmalar yandırıldı. Coğrafi və tarixi yer adları, eləcə də soyadlarımız farslaşdırıldı. Şimaldan Sovet Azərbaycanından Cənubi Azərbaycana teatr və konsert qastrolları dayandırıldı. Şimali Azərbaycanla sərhədlər, demək olar ki, bağlandı. Cənubi Azərbaycan torpaqları iki əyalətə (Qərbi və Şərqi Azərbaycan) bölünərək ərazisi azaldıldı.
SUAL VƏ TAPŞIRIQLAR: