Bu dəhşətli illərdə 29 min nəfər günahsız insan məhv edildi. Azərbaycan SSR-də kütləvi repressiyalar digər sovet respublikalarından daha amansız, daha qanlı olmuşdu. Bunun başlıca səbəbi o illərdə Azərbaycanın 51 rayonundan 31-də Daxili İşlər üzrə Xalq Komissarlığının yerli şöbələrinə erməni nümayəndələrin başçılıq etməsi idi.
Repressiya qurbanlarına aid məlumat toplayıb müzakirə edin.
Cəza tədbirləri Cənubi Azərbaycandan vaxtilə Şimala iş dalınca gələn soydaşlarımızdan da yan keçmədi. 1938 - 1940-cı illərdə Sovet hökuməti onları inana deportasiya1 etdi.
Totalitar2 sosializm cəmiyyətinin qurulması. XX əsrin 20-30-cu illərində sovet rejimi Azərbaycanda bütün milli qüvvələri “xalq düşməni” adı ilə məhv etdi. Xalqın bütün mülkiyyət hüquqlarına sarsıdıcı zərbə vuruldu. Elm və mədəniyyətin bütün sahələri Kommunist Partiyası tərəfindən tamamilə inhisara alındı. Xüsusi sahibkarlara və torpaq sahiblərinə amansız divan tutuldu. Cəmiyyət fəhlə, kəndli və yeni sovet ziyalısından ibarət oldu. Digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da antidemokratik, totalitar idarə üsulu bərqərar edildi. Bütün bu dəyişikliklər Moskva tərəfindən yeni sosializm cəmiyyətinin qələbəsi elan olundu. 1936-cı ildə qəbul edilmiş SSRİ-nin ikinci Konstitusiyasına görə, ZSFSR ləğv edildi. Azərbaycan SSR birbaşa Sovet İttifaqının tərkibində olan müttəfiq respublika elan edildi. 1937-ci ildə isə Azərbaycan SSR-in ikinci Konstitusiyası qəbul edildi. Xalqımızın və dilimizin “türk” adı dəyişdirilərək “Azərbaycan” adlandırıldı.
Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının 151-ci maddəsində Dövlət gerbinin təsviri belə verilmişdir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: ".Azərbaycan Sovet Sosialist Respublikası” və "Bütün ölkələrin proletarları, birləşin!” sözləri yazılmış və doğmaqda olan günəş fonu üzərində pambıq və sünbül çələngdən ibarət haşiyə ilə çəkilmiş oraq və çəkicdən və ön planda neft vışkasından (buruğundan - red.) ibarətdir. Gerbin yuxarısında beşbucaqlı ulduz vardır”.
Mətnə və mənbəyə əsasən, Azərbaycan SSR-in 1937-ci il gerbini müstəqil Azərbaycan Respublikasının gerbi ilə müqayisə edin.
1Deportasiya - əhalinin kütləvi surətdə öz daimi yaşayış yerindən sürgün edilməsi.
2Totalitar - ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabe edilməsi.