Müstəmləkəçi iqtisadi siyasəti ipək parça istehsalının nümunəsində izah edin.
Kənd həyatı. XIX əsrin ortalarında Şimali Azərbaycanda əhalinin ümumi sayı bir milyon nəfərə çatırdı. Əhalinin böyük əksəriyyəti kəndlərdə yaşayırdı. Kəndlilər dövlət və sahibkar kəndlilərinə bölünürdülər. Dövlət torpaqlarında yaşayan kəndlilər xəzinəyə, bəy və ağa torpaqlarında yaşayanlar isə həm xəzinəyə, həm də torpaq sahibinə vergi ödəyirdilər.
Kənd əhalisinin əsas məşğuliyyəti, əvvəllər olduğu kimi, əkinçilik və maldarlıq idi. Əhali köhnə təsərrüfat ənənələri əsasında öz pay torpağını əkib-becərirdi. Təsərrüfatda heyvana qoşulmuş kotandan, xışdan istifadə edilirdi. Ağır zəhmətlə əldə olunan məhsulun çox hissəsi vergi kimi kəndlilərdən alınırdı. Əkinəyararlı torpaqların yerli əhalidən alınıb gəlmə xristianlara verilməsi vəziyyəti daha da ağırlaşdırırdı.
Əkinçilik təsərrüfatı hər bir bölgədə olsa da, müəyyən əyalətlər məhsuldarlığı ilə seçilirdi. Qarabağ və Şirvan əyalətləri buğda və arpa istehsalına görə öndə idi. Lakin ənənəvi suvarma sistemi olan kəhrizlərin müharibələr zamanı dağılması əhalini böyük çətinliklər qarşısında qoyurdu.
Yarımköçəri maldarlıqla məşğul olan kəndlilər də ciddi çətinliklərlə üz-üzə qalırdılar. Çünki Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində yaylaq və qışlaqların çox hissəsi gəlmələrin - ermənilərin və rusların əlinə keçmişdi. Yerli əhali mal-qaranı vaxtında yaylağa və qışlağa apara bilmədiyindən heyvanların bir hissəsi tələf olur, evlərindən və torpaqlarından məhrum olan əhali müflisləşirdi. Rusiya hökuməti yarımköçəri həyat tərzi sürən əhalini “vəhşi və mədəniyyətdən uzaq” hesab edir, onların zorla oturaq həyat sürmələrinə çalışırdı. Bu da həmin əhali üçün ağır fəsadlarla nəticələnirdi.
Yarımköçəri maldarlıq təsərrüfatını təbii şəraitlə əlaqələndirin.
Kənd təsərrüfatında əmtəə istehsalının artmasını nəzərə alan çar hökuməti natural vergini pul vergisi ilə əvəz etdi. Rus məmurlarının özbaşınalığı, ağır vergi siyasəti əhalinin bütün təbəqələrini müflis edir, iqtisadi-sosial vəziyyəti ağırlaşdırırdı.
Rusiya hökuməti işğaldan sonra Şimali Azərbaycanda öz iqtisadi siyasətini yeritməyə başladı. Qədim tarixə malik olan ipəkçilik Nuxa (Şəki), Şuşa, Şamaxı və Car-Balakən bölgələrində daha geniş yayılmışdı. Rusiya hökuməti bu yerlərdə barama tədarükünü genişləndirməyə çalışırdı. Rusiyanın toxuculuq sənayesinin xam ipəyə olan tələbatını ödəmək üçün Şəkidə Xanabad manufakturası açıldı.