Çayoba faciəsi zamanı kənddəki evlər yandırıldı və 14-ü uşaq olmaqla, 36 dinc sakin qətlə yetirildi.
Fərdi kəndli təsərrüfatları üzərinə ağır vergilər qoyulur, hökumətin müəyyənləşdirdiyi vergilərdən daha çox vergi yığılırdı. Ərzaq qıtlığı nəticəsində Şəki şəhərində qiymətlər üç dəfədən çox bahalaşmışdı. Din xadimlərinə divan tutulmuş və məscidlər bağlanmışdı. Bütün bunlar 1930-cu ildə Şəki-Zaqatala bölgəsində böyük üsyana səbəb oldu. Üsyançılar zülm və bəlaların dövlət müstəqilliyimizin itirilməsinin nəticəsi olduğunu aydın şəkildə dərk edir, xilas yolunu milli dövlətin bərpasında görürdülər. 1930-cu ilin aprelində Şəkinin Baş Göynük kəndində baş vermiş üsyana Molla Mustafa Şeyxzadə başçılıq edirdi. Üsyançılar sovet qoşunlarını məğlubiyyətə uğradaraq Şəki şəhərini tutub həbsxanadakı ziyalıları, din xadimlərini və digər nüfuzlu şəxsləri azad etdilər. Şəkinin ardınca üsyanın Zaqatala və Balakənə də yayılacağı hökuməti bərk qorxuya saldı. Hökumət üsyançılara qarşı böyük hərbi qüvvə göndərdi. Ağır döyüşlərdən sonra üsyan amansızlıqla yatırıldı. Şəki-Zaqatala üsyanı zamanı 180 nəfər igidliklə döyüşərək həlak oldu. Hökumət qoşunları bölgədə qətllər törədərək 1300 nəfəri güllələdi. Yüzlərlə başgöynüklü üsyançı güllələnərək öncədən öz əlləri ilə qazdıqları quyulara dolduruldu. Həbsə alınıb Sibirə və Qazaxıstana sürgün edilənlər isə daha çox idi.
1930-cu ildə Azərbaycan SSR-də baş vermiş üsyanlan XIX əsrin 30-cu illərində Şimali Azərbaycandakı üsyanlarla müqayisə edin.
1930-cu ildə Naxçıvanda və Ordubadda Sovet hakimiyyətinə qarşı böyük üsyan baş verdi. Üsyançılar hətta qısa müddət ərzində Naxçıvanda Sovet hakimiyyətini devirib öz hökumətlərini yaratmışdılar. Lakin Sovet hökuməti xalq çıxışlarını amansızlıqla yatıraraq kolxoz quruluşunu möhkəmləndirməyə nail oldu. Kolxozlarda bərabərlik prinsipinin qorunması, kəndlinin əməyinin nəticəsindən maraqlı olmaması kənd təsərrüfatı məhsulları istehsalının artmasına mənfi təsir göstərirdi.
SUAL VƏ TAPŞIRIQLAR: