Moskva kollektivləşdirmə xəttini həyata keçirmək üçün Azərbaycan rəhbərliyinə dörd il vaxt ayırdı. Azərbaycan rəhbərliyi isə kollektivləşdirmə xəttini çox qısa müddətdə başa çatdırmağa çalışırdı. Kolxoz quruculuğu, bir qayda olaraq, heç bir könüllülük prinsipi gözlənilmədən inzibati və zorakı üsullarla aparılırdı. Azərbaycan kəndinin özünəməxsus xüsusiyyətlərinə və milli adət-ənənələrə məhəl qoyulmurdu. Rusiyadakı təcrübə kor-koranə tətbiq olunurdu. İcma şəklində yaşamağa və birgə işləməyə alışmış rus kəndlilərindən fərqli olaraq, Azərbaycan kəndlisi daha çox fərdi çalışmağa vərdiş etmişdi. Ona görə də kolxoza nifrətlə yanaşırdı. Bu səbəbdən də Azərbaycan kəndlisini kollektiv təsərrüfata cəlb etmək üçün zorakılığa əl atıldı.
Kolxozların yaradılması kəndliləri nələrdən məhrum edirdi? Fikirlərinizi bildirin.
1930-cu ildə Azərbaycan SSR-də elliklə kollektivləşdirmə daha da sürətləndirildi. Hökumət kollektivləşdirmə siyasətini həyata keçirərkən varlı kəndliləri - qolçomaqları bir sinif kimi məhv etmək vəzifəsini irəli sürdü. Yaxşı təsərrüfatçı olan qolçomaqlarla hökumət çox amansız davranırdı. Onlar səsvermə hüququndan məhrum edildi, muzdlu işçi işlətmələri, texnika icarəyə vermələri qadağan olundu. Qolçomaqların torpaqları və əmlakları əllərindən alındı. Onların bir hissəsi sovet cəza orqanları tərəfindən güllələndi, qalanları isə ailəsi ilə birlikdə Sibirə və Qazaxıstana sürgün edildi. “Qolçomaqlıqdan salma” adı altında Azərbaycanda 200 min nəfərdən çox kəndlinin əmlakı müsadirə olundu. Hökumətin müəyyən etdiyi “qolço- maqları bir sinif kimi ləğvetmə planı” dolmayanda, ortabab kəndliləri də qolçomaq siyahısına salıb məhv etdilər. Sovet İttifaqının ozamankı rəhbərliyi etiraf edirdi ki, kollektivləşdirmənin gedişində buraxılan səhvlərə, əyinti və özbaşınalıqlara görə Azərbaycan Sovet İttifaqında birinci yeri tutur. 1937-ci ildə Azərbaycan kəndində kolxoz quruluşunun tam qələbə qazandığı rəsmən elan olundu.
Zor tətbiq etməklə yeni qaydalar yaratmağı islahat hesab etmək olarmı? Fikirlərinizi bildirin.
Zorakı kollektivləşdirmə tədbirləri nəticəsində Sovet hökuməti kəndliləri birlikdə istismar etmək imkanı qazandı. Kolxozlarda birləşən kəndlilər tamamilə hüquqsuz vəziyyətə düşdülər. Sovet hökuməti 1950-ci illərin sonuna qədər kəndliləri ölkənin tamhüquqlu vətəndaşı saymır, onlara pasport vermirdi. Kolxozçu kəndlinin yaşadığı yeri tərk edib işləmək üçün şəhərə getmək imkanı da yox idi. Yaşadığı yeri tərk edə bilməyən kolxozçu kəndli, əslində, təhkimli vəziyyətinə salınmışdı.
Kollektivləşdirməyə qarşı üsyan və çıxışlar. 1930-cu ildə Azərbaycanın əksər bölgələrində kütləvi üsyanlar baş verdi. Üsyanların əsas səbəbi zorakılıqla həyata keçirilən kollektivləşdirmə tədbirləri idi. Üsyanlarda kəndlilərlə yanaşı, Sovet hökumətinin şübhə ilə yanaşdığı, divan tutmağa çalışdığı ziyalılar və din xadimləri də fəal iştirak edirdilər. İlk üsyanlardan biri Şəmkirdə baş verdi. Əhalinin bütün təbəqələri, hətta hökumətin dayağı sayılan yerli kommunistlər və milis işçiləri də bu hərəkata qoşuldu. Sovet rejimi amansız cəza üsullarından istifadə etməklə üsyanı yatıra bildi. 1930-cu ildə gizlədilmiş üsyançıların axtarılması adı altında Gədəbəyin Çayoba kəndində hökumətin keçirdiyi cəza əməliyyatı xüsusilə amansız oldu.