Milliləşdirilmiş sənaye müəssisələrinin bir hissəsi köhnə sahiblərinə və ya xarici şirkətlərə icarəyə verildi, ticarət azadlığı elan olundu. Azərbaycanda da ərzaq sapalağı ləğv edildi və adıçəkilən islahatlar həyata keçirilməyə başlanıldı. Amma Sovet Rusiyasından fərqli olaraq, Azərbaycanda ərzaq vergisi dərhal tətbiq edilmədi. N.Nərimanovun təşəbbüsü ilə hər kəndli təsərrüfatı üzərinə könüllü çanaq rüsumu (8 kq taxıl) qoyuldu. 1922-ci ilin yazından isə ərzaq vergisi tətbiq olundu. Nəticədə, Azərbaycan kəndlisinin vəziyyəti xeyli yüngülləşdi. Çünki kəndli vergini ödəyəndən sonra qalan məhsuldan sərbəst şəkildə istifadə edə, hətta onu bazarda sata bilərdi.
YİS-in tətbiqi Azərbaycanda əkin sahələrinin böyük sürətlə azalmasının qarşısını aldı. Taxıl istehsalı yenidən artmağa başladı. Şəhərlə kənd arasında əlaqələr genişləndi və ticarət canlandı.
Sənaye sahəsində YİS-in həyata keçirilməsi zamanı iri və strateji əhəmiyyətli müəssisələr dövlətin nəzarətində saxlanılırdı. Çoxlu sayda yüngül və yeyinti sənayesi müəssisələri isə xüsusi sahibkarlara icarəyə verilirdi. Moskva öz nəzarətində saxladığı neft sənayesini inkişaf etdirmək üçün müəyyən addımlar atdı. Azərbaycan Neft Komitəsinə xarici şirkətlərlə əlaqələr yaratmağa icazə verdi. Bundan istifadə edən komitə xaricdən xeyli neft avadanlığı satın alıb Azərbaycana gətirdi. Neft və neft məhsulları sərbəst şəkildə xarici ölkələrdə satışa çıxarıldı.
Azərbaycan SSR və Azərbaycan Xalq Cümhuriyyətinin neft siyasətini müqayisə edin.
YİS-in tətbiqi nəticəsində bütövlükdə Azərbaycan iqtisadiyyatında canlanma yarandı. Azərbaycan kəndlərində ortabab və varlı kəndli (qolçomaq) təsərrüfatlarının xüsusi çəkisi xeyli artdı. Artıq 1925-ci ildə ortabablar bütün kəndlilərin yarıdan çoxunu təşkil edirdi. Bu dəyişikliklər özünü fəhlə-kəndli hökuməti adlandıran bolşevik siyasi dairələrini təşvişə saldı. Sovet hökuməti xüsusi sahibkarlığın və “istismarçı” siniflərin gücləndiyini bəhanə gətirərək 1920-ci illərin ikinci yarısında YİS-dən imtina etdi.
Hökumətin sənayeləşdirmə tədbirləri. SSRİ rəhbərliyi 1925-ci ilin dekabrında bütün ölkədə sosialistcəsinə sənayeləşdirmə xəttini elan etdi. Azərbaycanda bu xəttin həyata keçirilməsi Rusiyanın maraqlarına tabe edildi. Neft sənayesinin inkişaf etdirilməsi Moskva tərəfindən Azərbaycanda sənayeləşdirmənin başlıca vəzifəsi kimi irəli sürüldü. Bunun üçün neft sənayesini texniki cəhətdən yenidən qurmaq lazım idi. Moskva neft sənayesini birinci növbədə maliyyələşdirirdi. Azərbaycan qəzalarında sənayenin inkişafı isə ikinci dərəcəli vəzifə hesab olunurdu. Bu dövrdə Abşeronda yeni neft yataqları istismara verildi. Neftçıxarmanı zəruri texnika ilə təmin etmək üçün neft maşınqayırması yenidən quruldu. Neft maşınqayırması zavodlarında yeni dərinlik nasoslarının istehsalına başlanıldı. 1930-cu ildə Bakı-Batum neft kəmərinin bərpası başa çatdırıldı. Kəmər neftin daha tez və ucuz daşınmasını təmin edirdi.
XX əsrin 20 - 30-cu illərində Azərbaycan SSR-də neft çıxarılması səkkiz dəfə artdı. Lakin SSRİ rəhbərliyi Azərbaycanda “qara qızıl çıxarılmasının” bu artım sürətindən narazı idi. Ona görə də tez-tez bu sahədə işlərin sürətləndirilməsi haqqında qərarlar verilirdi.
Sənayeləşdirmə dövründə elektrik enerjisi istehsalı Azərbaycanda neft sənayesindən sonra daha çox diqqət yetirilən ikinci sahə idi. Bu dövrdə onlarla su və istilik elektrik stansiyası istifadəyə verilmişdi. Xalqın əsas istehlak mallarına olan tələbini də ödəmək lazım idi.