1921-ci ilin martında Sovet Rusiyası ilə Türkiyə arasında Moskvada imzalanan müqaviləyə görə, Naxçıvan bölgəsi Azərbaycanın himayəsi altında muxtar ərazi vahidi kimi təşkil olunmalı, Azərbaycan Naxçıvanla bağlı hüququnu hər hansı bir üçüncü dövlətə güzəştə getməməli idi. Müqavilədə üçüncü dövlət dedikdə Ermənistan nəzərdə tutulurdu. Naxçıvan məsələsinin ədalətli həlli Azərbaycanın mənafeyi və Türkiyənin təhlükəsizliyi baxımından böyük qələbə idi.
1921-ci ilin oktyabrında Qarsda Cənubi Qafqazın sovet respublikaları ilə Türkiyə arasında danışıqlar başladı. Danışıqlarda Sovet Rusiyasının göstərişi ilə Azərbaycan qardaş Türkiyə tərəfində deyil, Sovet Gürcüstanı və Sovet Ermənistanı tərəfində yer aldı. Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında Qars müqaviləsi imzalandı. Bu müqavilə ilə Naxçıvanın Azərbaycana məxsusluğu bir daha təsdiq edildi. Naxçıvanın bir muxtar ərazi kimi dəqiq sərhədləri də müəyyən olundu.
Naxçıvan bölgəsinin Azərbaycanın tərkibində qalmasında Türkiyənin tarixi rolunu dəyərləndirin.
1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) yaradılması haqqında dekret imzaladı. Muxtar respublikanın ərazisi 6 min kv. km-ə yaxın idi. Lakin Moskvanın antiazərbaycan siyasəti nəticəsində Naxçıvana məxsus bir çox ərazilər Ermənistana güzəşt edildi. Muxtar respublikanın ərazisi azalaraq 5,5 min kv. km-ə endi. Bu azmış kimi, 1929-1930-cu illərdə Ordubad və Zəngilan rayonlarının bəzi kəndləri hesabına yaradılmış Mehri rayonu Ermənistana verildi. Nəticədə Naxçıvan MSSR Azərbaycanın əsas hissəsindən ayrı salındı. Hal-hazırda Azərbaycan Respublikası onun ayrılmaz hissəsi olan Naxçıvanla birbaşa quru əlaqəsinə malik deyildir.
SUAL VƏ TAPŞIRIQLAR: