Moskvanın rəhbərliyi ilə həyata keçirilən ərazi-sərhəd dəyişikliklərinin nəticəsi Azərbaycan üçün fəlakətli oldu. Şimali Azərbaycanın ərazisi azalaraq 114 min kv. km-dən 86,6 min kv. km-ə endi. Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 10 min kv. km-dən 29,8 min kv. km-ə, Gürcüstanın ərazisi isə 69,7 min kv. km-ə çatdırılmışdı.
Azərbaycanın ərazi və sərhədlərindəki dəyişikliyi çar Rusiyası dövründəki ərazi-inzibati islahatı ile müqayisə edin.
Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması. Ermənistan SSR Azərbaycana məxsus Qarabağın dağlıq hissəsini ələ keçirməyə çalışırdı. Sovet rəhbərliyi - Moskva Ermənistanın Qarabağla bağlı iddiasını təmin etməyə qərar verdi. Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz Bürosu bu məsələni müzakirəyə çıxardı. Büronun 1921-ci il iyulun 4-də keçirilən iclasında Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qərar qəbul edildi. N.Nərimanovun qəti etirazından sonra iyulun 5-də Qafqaz Bürosu yeni qərar qəbul etdi: Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın və inzibati mərkəzi Şuşa şəhəri olmaqla, ona vilayət muxtariyyəti verilsin.
N.Nərimanov Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan Sovet respublikaları arasında sərhəd məsələlərinin müəyyənləşdirilməsinə həsr edilmiş iclasın qərarını belə şərh etdi: "Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla, daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaqdır".
N.Nərimanov Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsini Rusiyanın Azərbaycanın başına gətirdiyi fəlakətlərin başlanğıcı hesab edirdi.
Azərbaycan hökuməti daxilində milli kommunistlərin bir qrupu bu qərarın icrasına qarşı iki il müqavimət göstərdi. Moskvanın təzyiqi altında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yalnız 1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması haqqında qərar verdi. Xankəndi vilayətin inzibati mərkəzi seçildi. İki ay sonra ermənilər Azərbaycan hökumətinin razılığını almadan Xankəndinin adını dəyişdirərək xalqımızın qəddar düşməni Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırdılar.
Sovet hakimiyyəti illərində bir çox rayon və şəhərlərimizin adı dəyişildi, onlara xalqımızın düşmənlərinin- "inqilabçılar"ın adı verildi. Bu haqda məlumat toplayın.
Naxçıvan MSSR-in təşkili. Naxçıvan bölgəsinin Azərbaycanın tərkibində qalmasında yerli əhalinin ciddi müqaviməti ilə yanaşı, qardaş Türkiyə misilsiz rol oynadı. Sovet Rusiyası və Sovet Ermənistanı rəhbərliyi Naxçıvanda türk qoşunlarının mövcudluğunu nəzərə almalı oldu.