Sovet hakimiyyətinin qurulması Azərbaycanda baş verən fəlakətlərin başlanğıcı idi. Sovet Rusiyasının himayəsi ilə Ermənistanın yeni-yeni torpaq iddiaları Azərbaycanın hesabına ödənirdi. Xalqımız hansı torpaq itkiləri ilə üz-üzə qaldı? Azərbaycanla Ermənistan arasındakı sərhədlər necə müəyyən olundu? Azərbaycanın hansı torpaqları Gürcüstana verildi?
Dərələyəzin ermənilərə verilməsi, Veysəl bəy, Türkiyənin Naxçıvana hərbi yardımı, Yuxarı Qarayazının Gürcüstana verilməsi, DQMV-nin yaradılması, Naxçıvan MSSR-in təşkili
Sovet Rusiyası tərəfindən Azərbaycanın parçalanması. 1920-ci ilin aprel istilasından sonra Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycan SSR-in ərazi bütövlüyünü qorumaq niyyətində deyildi. Sovet hakimiyyəti nümayəndələri erməni və Gürcüstan bolşevikləri ilə gizli danışıqlar aparırdılar. Bu respublikaları sovetləşdirmək üçün Azərbaycan torpaqlarından şirnikləndirici vasitə kimi istifadə edilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin çətinliklə yaratdığı Milli Ordu hissələrinin ləğvi nəticəsində xalqımız və torpaqlarımız müdafiəsiz qalmışdı. XI Qırmızı Ordu hissələri isə işğalçı erməni hərbi birliklərinin Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə hücumlarının qarşısını qəsdən almırdı. Ona görə də yerli əhali tərəfindən 1920-ci ilin yayında Veysəl bəyin başçılıq etdiyi türk qoşunu Naxçıvana dəvət edildi. Bu qoşun Naxçıvanın erməni daşnak-bolşevik hücumlarından qorunmasında həlledici rol oynadı. Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında 1920-ci ilin avqustunda saziş bağlandı. Sazişdə Azərbaycanın Şərur-Dərələyəz bölgəsinin Ermənistan Respublikasına verilməsi nəzərdə tutulurdu. Bu azmış kimi, əzəli torpaqlarımız olan Zəngəzur, Naxçıvan, Qarabağ “mübahisəli ərazi” hesab edilirdi.
Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra Moskvanın Azərbaycanla bağlı siyasəti daha da sərtləşdi. Azərbaycan İnqilab Komitəsi Ermənistanın sovetləşməsindən dərhal sonra Sovet Rusiyasının təzyiqi altında belə bir bəyanat verdi: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur. Zəngəzur və Naxçıvan Sovet Ermənistanının bölünməz ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir”. Bu bəyanat Türkiyə tərəfindən qəti etirazla qarşılandı. Naxçıvanda isə əhali kəskin etiraz çıxışlarına başladı. Azərbaycanın Ədliyyə üzrə xalq komissarı Behbud bəy Şahtaxtinski gərginliyi azaltmaq üçün bölgəyə göndərildi. O, Naxçıvan camaatı qarşısında vətənpərvərliklə çıxış edərək heç nədən çəkinmədən açıq şəkildə əhaliyə bildirdi: “Azərbaycan hökuməti sizi torpağınızla birlikdə Ermənistana satıbdır. Burada arxalana biləcəyiniz yeganə qüvvə türk qoşunlarıdır. Sizi ağır fəlakətdən yalnız onlar xilas edəcəkdir”.
Sovet Rusiyası Azərbaycanın Gürcüstanla ərazi-sərhəd mübahisələrində də Azərbaycanın mənafeyinə zidd mövqedən çıxış edirdi. 1921-ci ildə Moskvanın qərarı ilə əhalisinin böyük əksəriyyətinin azərbaycanlılardan ibarət olması nəzərə alınmadan Borçalı qəzasının mərkəzi hissəsi Gürcüstana verildi. 1922-ci ildə Sovet Rusiyası Gürcüstanın maraqlarını əsas götürərək Azərbaycanın Qarayazı torpağını iki yerə böldü. Yuxarı Qarayazı Gürcüstanın tərkibinə qatıldı.