Bununla Azərbaycanın formal müstəqilliyinə də son qoyuldu. Üç sovet respublikası federasiya şəklində birləşdirildi. Yeni federativ respublika vahid iqtisadi məkana və vahid büdcəyə malik idi. Belə birləşmə zəngin sərvətlərə və güclü iqtisadi potensiala malik olan Azərbaycan üçün qətiyyən sərfəli deyildi. İqtisadi baxımdan zəif olan Gürcüstan və Ermənistan isə Azərbaycanın neftindən və digər sərvətlərindən havayı şəkildə bəhrələnmək imkanı qazandılar. Bu iki sovet respublikası Azərbaycanın hesabına öz iqtisadiyyatlarını inkişaf etdirməyə başladı. Eyni zamanda Azərbaycanın nefti və digər sərvətlərinin talan edilib Rusiyaya daşınması davam edirdi.
Gerbdə Azərbaycanın hansı sərvətləri təsvir olunub?
Sovet Rusiyası ZSFSR yaranan kimi prosesləri daha da sürətləndirdi. 1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayı çağırıldı. Qurultayda Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradılması haqqında bəyannamə qəbul edildi, İttifaq müqaviləsi bağlandı. Yeni ittifaq dövlətinin tərkibinə RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR daxil edildi.
Hazırda Rusiya, Ukrayna, Belarus və Cənubi Qafqaz respublikaları arasında münasibətlər necədir?
1924-cü ildə SSRİ-nin birinci Konstitusiyası qəbul olundu. Konstitusiyada SSRİ-nin tərkibinə daxil olan müttəfiq respublikaların hüquq bərabərliyi formal olsa da, öz əksini tapmışdı. Əslində isə, SSRİ-nin tərkibində olan qeyri-rus xalqların müstəqil yaşamaq hüququ əllərindən alınmışdı. Yeni ittifaqda yalnız Rusiyanın maraqları nəzərə alınmış və onun hegemonluğu təmin olunmuşdu. Müttəfiq respublikalar isə Moskvanın bütün göstərişlərini sözsüz yerinə yetirməyə məcbur idi. Beləliklə, Azərbaycan Sovet İttifaqının tərkibində hüquqları məhdudlaşdırılmış bir əyalətə çevrildi.
SUAL VƏ TAPŞIRIQLAR: