Sizcə, Sovet Rusiyasının Azərbaycandakı siyasəti ilə çar Rusiyasının siyasəti arasında oxşarlıq var idimi? Müqayisə edin.
Formal müstəqilliyə ilk zərbə: Moskva müqaviləsi. 1920-ci il sentyabrın 30-da Moskvada RSFSR-lə Azərbaycan SSR arasında “Hərbi-iqtisadi ittifaq” müqaviləsi bağlandı. Müqavilə və ona əlavə kimi imzalanan sazişlər qeyri-bərabər olub, təslim aktına bənzəyirdi. Həmin sənədlərə görə, Azərbaycanın hərbi, hərbidəniz qüvvələri, maliyyə, poçt, teleqraf idarələri və dəmir yolu nəqliyyatı Rusiyanın nəzarətinə keçdi. İmzalanan sənədlər içərisində ən ağırı xarici ticarətə aid saziş idi. Sazişə görə, Azərbaycan bütün xarici ticarət sahəsindəki fəaliyyətini Rusiyanın ixtiyarına verdi. Bu zaman Azərbaycan neftinin satış hüququ da Rusiyaya keçdi. Azərbaycan daxili ehtiyaclarını ödəmək üçün neft və neft məhsullarından yalnız Rusiyanın icazəsi ilə istifadə edə bilərdi. İmzalanan sənədlərin heç birində Azərbaycan SSR-in müstəqilliyinin və ərazi bütövlüyünün tanınması haqqında bir kəlmə də yazılmamışdı. Əvəzində müstəqil dövlətin fəaliyyəti üçün mühüm sayılan bütün əsas səlahiyyətlər Sovet Rusiyasına təslim edilmişdi. Sovet Azərbaycanının iqtisadi müstəqilliyi tamamilə əlindən alınmışdı. Onun siyasi müstəqilliyi isə yalnız formal xarakter daşıyırdı. Moskva müqaviləsi Azərbaycan SSR-in formal müstəqilliyinə ağır zərbə vurdu.
Birinci Sovetlər qurultayında N.Nərimanov əsas sərvətimiz olan neftin Rusiyanın əlinə keçməsini belə izah etmişdi: "İngilisləri Sovet Rusiyasını tanımağa, onunla müqavilə bağlamağa, sözsüz ki, bizim neft məcbur etdi. Biz elan edəndə ki, neftimiz Rusiyaya məxsusdur, ingilislərlə danışıqlarda bu, Sovet hökumətinin əlində əsas vasitəyə çevrildi. Biz kommunistlər üçün Sovet Rusiyası neftdən daha qiymətlidir".
Azərbaycan neftinin dövlətlər arasındakı münasibətlərə təsirini müəyyən edin.
Cənubi Qafqaz sovet respublikaları federasiyasının yaradılması. Sovet Rusiyası 1920-ci ilin sonunda Ermənistanın və 1921-ci ilin əvvəlində Gürcüstanın müstəqilliyinə son qoyduqdan sonra yeni məkrli planını işə saldı. Bu planın məqsədi əvvəlcə Cənubi Qafqazın sovet respublikalarını bir ittifaqda birləşdirmək idi. Sonrakı mərhələdə bu ittifaqın Sovet Rusiyasının hegemon rol oynayacağı yeni bir dövlətin tərkibinə daxil edilməsi nəzərdə tutulurdu. Planın həyata keçirilməsinə 1921-ci ilin payızında başlandı. İlk addım kimi, Cənubi Qafqaz sovet respublikaları arasında gömrük və sərhəd məntəqələri ləğv edildi. Onların xarici ticarət idarələri və dəmir yollarının birləşdirilməsinə qərar verildi.
1922-ci il martın 12-də Azərbaycan, Gürcüstan və Ermənistan arasında Moskvanın göstərişi ilə ittifaq müqaviləsi bağlandı. Həmin ilin dekabr ayında Bakıda Birinci Zaqafqaziya Sovetlər qurultayı keçirildi. Qurultayda Zaqafqaziya Respublikalar İttifaqının Mərkəzi İcraiyyə Komitəsi təşkil edildi. İttifaqın Konstitusiyası da qəbul olundu. Nəticədə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) yaradılması prosesi başa çatdı.