Gəncə şəhəri rus əsgərləri və onlarla əlbir olan ermənilər tərəfindən üç gün qarət edildi. On üç min nəfərdən çox dinc sakin qətlə yetirildi. Gəncə üsyanı Sovet Rusiyasını bərk qorxuya saldı. Azərbaycana əlavə hərbi qüvvələr göndərildi.
Sovet rejiminə qarşı ikinci böyük üsyan 1920-ci il mayın 29-da Qarabağda başlandı. XI Qırmızı Ordunun müdaxiləsi zamanı Milli Ordunun piyada və atlı alayları bu bölgəni nəzarətdə saxlamaqda davam edirdi. Sovet hökuməti Milli Ordu hissələrini tərk-silah etmək üçün Qarabağa iki diviziya göndərdi. Azərbaycan əsgərləri iyunun 5-də Tərtər, Ağdam və Şuşada savaşa girərək düşməni böyük tələfata uğratdılar. Üsyana Nuru paşa başçılıq edirdi.
Qarabağda Sovet hakimiyyəti devrildi, Nuru paşa Qarabağın hakimi elan edildi. Lakin əlavə qüvvələr hesabına XI Qırmızı Ordu iyunun 13-də üsyanı yatıra bildi. Ermənilərin köməyi ilə Azərbaycan əhalisinə divan tutuldu. Milli Ordunun salamat qalan hissələri Cənubi Azərbaycana və Türkiyəyə keçdi. Onlar Türkiyədə İstiqlal hərəkatında iştirak etdilər.
1920-ci il iyunun 6-da Zaqatalada üsyan başladı. Üsyançıların əsas hissəsini kəndlilər təşkil edirdi. Milli Ordunun süvari alayı da Qırmızı Orduya qarşı savaşa qoşuldu. Üsyana peşəkar hərbçi Əhmədiyev və bölgənin nüfuzlu şəxslərindən olan Hafiz Əfəndi başçılıq edirdilər. Üsyançılar Zaqatala və Qaxı düşməndən azad etdilər. Lakin Sovet hökuməti əlavə qüvvə yeritməklə üsyanı yatıra bildi. Salamat qalmış üsyançılar Gürcüstana sığındılar. Bu bölgəmizdə də əhaliyə qanlı divan tutuldu.
1863-cü və 1920-ci illərdə baş vermiş Zaqatala üsyanlarını müqayisə edin.
1920-ci ilin may ayında Nuxa qəzasında Göynük mahalının əhalisi rus işğalçılarına qarşı istiqlal savaşına qalxdı. Silahlı üsyanın mərkəzi Baş Göynük kəndi idi. Bir aydan artıq davam edən üsyan iyunun 15-də səhərdən axşama qədər davam edən qızğın döyüşlərdən sonra Baş Göynük kəndinin bolşevik hərbi qüvvələrinin əlinə keçməsi ilə sona çatdı. Bolşeviklər kənddəki kişilərin çoxunu məhv etdilər. Bu zaman erməni fitvası ilə görkəmli el sənətkarı, aşıq Molla Cuma da qətlə yetirildi.
1920-ci ilin yayında Şəmkir qəzasında sovet rejiminə qarşı üsyan baş verdi. Kişilərlə birlikdə qadın və uşaqlar da ruslara qarşı qəhrəmanlıqla vuruşurdular. İlk vaxtlar hökumət qüvvələri üsyançılar qarşısında aciz vəziyyətə düşdü. Bolşevik hökuməti XI Qırmızı Ordunun dörd diviziyasını bölgəyə yeritməyə məcbur oldu. Düşmən Şəmkir üsyanını çox böyük çətinliklə yatıra bildi.
1920-ci ilin payızında Lənkəranda işğalçı rejimə qarşı üsyan başlandı. Sovet ordusu 1921-ci ilin əvvəlində üsyanı çox çətinliklə qan içində boğdu.
Azərbaycanın əksər bölgələrində müqavimət hərəkatının genişlənməsi işğalçı rejimi çox qorxuya saldı. XI Qırmızı Ordunun komandanlığı, heç olmasa, Abşeron və neft Bakısını nəzarətdə saxlamaq haqqında düşünməyə məcbur oldu. Bakı və onun ətrafında müdafiə istehkam xəttinin yaradılmasına başlanıldı. Sovet Rusiyası “müstəqil” Sovet Azərbaycanına təcili olaraq əlavə yeddi diviziya yeritdi.