XI Qırmızı Ordunun əsgər və zabitləri azərbaycanlı əhalinin evlərinə soxulur, istədikləri şəxsi həbs edir, hətta güllələyirdilər. Zinət əşyaları, xalçalar, qiymətli qablar, mebellər qatarlara və gəmilərə yüklənib Sovet Rusiyasına göndərilirdi. Bolşeviklərin Bakıda, həmçinin bütün Azərbaycanda törətdiyi qırğın və talanlar 1918-ci ilin mart hadisələrini xatırladırdı. Bakıda baş verən terror və soyğunçuluq əməlləri qəzalarda daha ağır formada təkrar olunurdu. 1920-ci il mayın 29-da bolşeviklərlə əlbir olan ermənilər Şuşa qəzasında 30 Azərbaycan kəndini yandırdılar. Bu zaman çoxlu qadın və uşaq öldürüldü. Azərbaycanlı əhali içərisində Sovet hakimiyyətinin nüfuzdan düşməsi haqqında N.Nərimanovun Moskvaya göndərdiyi həyəcan dolu məktublara məhəl qoyan yox idi. Çünki mərkəz Azərbaycanda nələr törədildiyini yaxşı bilirdi. Bütün bunlar çox qısa müddətdə sovet rejiminə qarşı üsyanlara səbəb oldu.
Gəncə üsyanının planı
XI Qırmızı Ordu Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itirdi, 6 mindən çox əsgər isə yaralandı.
Sovet rejiminə qarşı üsyanlar. Sovet işğal rejiminə qarşı ilk və ən böyük üsyan Gəncədə baş verdi. Bolşeviklər Gəncədəki Milli Ordu hissələrini ləğv etmək istəyirdilər. Əsgərlərimizin tərk-silah edilməsi haqqında qərar Gəncədə böyük narazılıqla qarşılandı. 1920-ci il mayın 25-də üsyan başlandı. Üsyanda Milli Ordu hissələri ilə yanaşı, Gəncə şəhərinin on min nəfərdən çox sakini də iştirak edirdi. Üsyana rəhbərlik etmək üçün Hərbi Şura yaradıldı. Hərbi Şuraya Milli Ordunun generalları Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar və başqaları daxil idi. Üsyançılar ilk hücumla dəmir yolu stansiyasını ələ keçirdilər. Gəncə şəhərinin böyük bir hissəsi bir həftə üsyançıların nəzarəti altında qaldı. XI Qırmızı Ordu rəhbərliyi üsyanı yatırmaq üçün digər bölgələrdəki qoşun birləşmə lərini Gəncə ətrafına topladı. Ağır toplardan və zirehli qatarlardan da istifadə edilməklə mayın 31-də düşmən Gəncə şəhəri üzərinə hücuma başladı. Şəhərin qəhrəman müdafiəçiləri rus ordusuna çox güclü müqavimət göstərdilər. Düşmən yüzlərlə canlı qüvvə itirdi. Üsyan yatırılandan sonra Milli Ordunun çoxlu sayda yüksək rütbəli zabiti, o cümlədən 12 generalı həbs edildi. Onlar Bakıya aparılaraq Nargin adasında güllələndilər.