SUAL VƏ TAPŞIRIQLAR:
Azərbaycan SSR-in yaradılması əhalinin bütün təbəqələrinin həyatını dəyişdi. Yeni quruluş fəhlə və kəndlilərə “səadət” vəd edirdi. Bəs digər təbəqələri nə gözləyirdi? Cümhuriyyət liderlərinin, ziyalıların, milli kadrların aqibəti necə oldu? Xalqımız ədalətsizliklərə, qırmızı terrora qarşı necə mübarizə aparırdı?
Ermənilərin terror aktları, Gəncə üsyanı, Cavad bəy Şıxlinski, Qarabağ üsyanı, Zaqatala üsyanı, Göynük üsyanı
Hərəkatın səbəbləri. Aprel istilasından sonra bolşeviklər Azərbaycan SSR-də tam bir işğal rejimi qurdular. Onlar siyasi rəqibləri ilə yanaşı, hərbçilərə, ziyalılara və din xadimlərinə də amansızlıqla divan tuturdular. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər sovet cəza orqanları 48 min nəfəri məhv etdi. Onların əksəriyyətini ziyalılar və hərbi kadrlar təşkil edirdi. Milli hökumətin baş naziri Nəsib bəy Yusifbəyli Kürdəmirdə qətlə yetirildi. Milli hökumətin ilk Baş naziri Fətəli xan Xoyski və Cümhuriyyət Parlamentinin sədr müavini Həsən bəy Ağayev erməni terrorçuları tərəfindən Tiflisdə öldürüldülər.
Bolşevik-daşnak qüvvələrinin azərbaycanlı ictimai-siyasi xadimlərə qarşı terror aktları haqqında daha nə bilirsiniz?
Nə qədər ki, F.Xoyski və silahdaşları sağ idi, nə qədər ki, Cümhuriyyətin siması sayılan Fətəli xan yaşayırdı, Azərbaycanın müstəqilliyini itirdiyini düşünənlərin sayı çox az idi...
Daşnaksutyun Partiyasının IX qurultayında qəbul edilən “Nemezis” adlı türk və azərbaycanlı diplomat və siyasi xadimlərin məhv edilməsi əməliyyatı 1920-ci il iyunun 19-da ilk atəşini açdı. FXoyski, ardınca da əqidə yoldaşı Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildilər.
Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və Cümhuriyyətin digər liderlərinin sonrakı taleyi haqqında məlumat toplayın.