Cümhuriyyətin Milli ordusunu ləğv etmək üçün sərt tədbirlər görüldü. Bu orduya məxsus silah və geyim qəsb edildi. Zabitlər və generallar vəzifələrindən uzaqlaşdırıldı. Onların çoxu həbs edilərək güllələndi.
N.Nərimanov XI Qırmızı Ordunun vəhşiliklərinin qarşısını qismən ala bildi. Bir çox ləyaqətli azərbaycanlını xilas etdi. H.Z.Tağıyevin adını güllələnməyə məhkum edilənlərin siyahısından çıxardı. O, bütün əmlakı milliləşdirilmiş və müsadirə olunmuş H.Z.Tağıyevə təqaüd kəsdirdi, Mərdəkandakı bağ evini ona qaytardı.
Onların son görüşü 1924-cü ilin may ayında oldu. N.Nərimanov Moskvadan Bakıya qonaq gəlmiş, bir gün Mərdəkana gedib Hacıya baş çəkmişdi H.Z.Tağıyev həmin il vəfat etdi.
Müxtəlif əqidəli iki azərbaycanlını yaxınlaşdıran nə idi? Müzakirə edin.
Bütün yeraltı və yerüstü sərvətlərimiz milliləşdirmə adı ilə onun əsl sahiblərinin əlindən alındı. Xəzər ticarət donanması, banklar, zavod və fabriklər dövlətin mülkiyyətinə çevrildi. Azərbaycanlı sahibkarlar “fəhlə sinfinin düşməni” elan edildilər. Burjuaziya nümayəndələri - milyonçular, tacirlər, torpaq sahibləri yeni hökumətin təqib və talanlarına məruz qaldılar. Onların mülkləri, fabrik və zavodları, gəmiləri, torpaqları, ev avadanlıqları, zinət əşyaları və digər şəxsi malları müsadirə olundu. “Xalq düşmənləri” elan edilmiş əhalinin varlı təbəqəsi tamamilə müflisləşdi, bir çoxları isə fiziki məhv edildi.
1920-ci ilin mayında başqa bir dekretlə bütün zümrələr və milli rütbələr ləğv edildi. Bütün əhali Azərbaycan SSR vətəndaşı adlandırıldı. Lakin “qırmızı terror” şəraitində vətəndaş hüquqlarından və bu hüquqların qorunmasından danışmağa dəyməzdi.
Sovet Rusiyasının xüsusi marağında olan neft sənayesi 1920-ci il mayın 24-də milliləşdirildi. Neft və neft məhsullarının satışı dövlət inhisarına alındı. Bu sahəyə rəhbərlik etmək üçün Azərbaycan Neft Komitəsi (Azneft) yaradıldı. Komitə Azərbaycan hökumətinə deyil, birbaşa Moskvaya tabe idi. Bakıda bir il ərzində hasil olan neftin 90 faizi Rusiyaya daşınırdı. Azərbaycanın ehtiyacları üçün kiçik həcmdə neft ayrılması normasını da yalnız Sovet Rusiyası müəyyənləşdirirdi.
Azərbaycan Sovet hökuməti dinin dövlətdən ayrılması adı altında bütün dini mərasimlərin icrasını qadağan etdi. Bununla da, Azərbaycan vətəndaşlarının etiqad azadlığı kobud şəkildə pozuldu. 1921-ci ildə Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi və nəticədə, ölkəmizdə bolşeviklərin, əslində, Rusiyanın əlində oyuncaq olan hakimiyyət orqanlarının fəaliyyəti qanuniləşdirildi.