Yeni hökumətin tərkibi azərbaycanlılardan ibarət idi. Lakin Sovet Azərbaycanında real hakimiyyət həmin hökumətin deyil, AK(b)P Mərkəzi Komitəsinin əlində idi. Bu partiyanın rəhbərliyi isə rus, erməni, yəhudi və gürcülərdən təşkil olunmuşdu. Partiyanın yerli təşkilatı olan Bakı Komitəsinə xüsusilə böyük səlahiyyətlər verilmişdi. Komitəyə əvvəl daşnak olub, sonradan kommunistə çevrilən A.Mikoyan başçılıq edirdi. Bakı Komitəsi hətta N.Nərimanovun verdiyi qərarları belə ləğv edirdi. N.Nərimanov çox qısa müddətdə Azərbaycan SSR-in müstəqilliyinin tamamilə formal olduğunu başa düşdü.
XI Qırmızı Ordunun Xüsusi şöbəsi və yeni yaradılmış Fövqəladə Komissiya, həmçinin Ali İnqilabi Tribunal əsl terror təşkilatı kimi xalqımıza divan tuturdu. XKS-nin başçısı Nəriman Nərimanovun qanunsuz həbslərin qarşısını almaq cəhdləri heç də həmişə uğurlu olmurdu. Aprel çevrilişindən sonra Azərbaycanda rəhbər vəzifədə işləyən N.Solovyov V.İ.Leninə yazırdı: “Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi müsəlmanların düşmənlərinin təntənəsi və ümummilli fəlakət idi”.
İlk sosialist dəyişiklikləri. Azərbaycan İnqilab Komitəsi və XKS Sovet Rusiyasının göstərişləri əsasında işləyirdi. Rusiyanın təkidi ilə Azərbaycanda da “sosialist” tədbirlərinin həyata keçirilməsinə başlanıldı. İnqilab Komitəsinin 1920-ci ilin mayında verdiyi dekretlə bütün mülkədar və vəqf torpaqları müsadirə edildi. Həmin torpaqların kəndlilərin istifadəsinə verilməsi nəzərdə tutulurdu. Digər bir dekretlə Azərbaycan SSR-in Qırmızı Ordu və Donanmasının yaradılmasına başlanıldı. Əslində, bu, Azərbaycan Milli Ordusunun ləğvi məqsədini daşıyırdı.