Ona görə də Qacarlarla bağlanmış Türkmənçay (1828) və Osmanlı dövləti ilə bağlanmış Ədirnə (1829) müqavilələrinə əsasən, həmin dövlətlərin ərazisində yaşayan ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldü. Rusiya ordusunda xidmət edən erməni zabitləri bu işə cəlb olundu. Bu siyasətin həyata keçirilməsinə rəhbərlik edən rus ordusunun erməni mənşəli polkovniki Lazarev (Lazaryan) Qacarlar dövləti ərazisindən Şimali Azərbaycana köçürülən ermənilərə müraciətlə deyirdi: “...Orada (yəni Şimali Azərbaycanda - red.) siz xristianların məskunlaşdırıldığı yeni Vətən əldə edəcəksiniz... Tələsin! Vaxt qiymətlidir... Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik”.
Ermənilərin Rusiya tərəfindən Azərbaycana köçürülməsinə ilk dəfə nə zaman başlanılmışdır?
Tanınmış rus tədqiqatçısı Nikolay Şavrov yazırdı: “Cənubi Qafqazın istilasınadək burada erməni xalqı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran (Qacarlar dövləti - red.) və Osmanlı ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanmışdır. 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40 mindən, Osmanlı dövlətindən isə 84 mindən çox erməni köçürülmüşdür. Onlar Yelizavetpol, Qarabağ, İrəvan, Borçalı, Axal- sıx və Axalkalak bölgələrinin ən yaxşı torpaqlarında yerləşdirilmişlər”.
N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb yerləşdirilmiş ermənilərin sayını araşdırdıqdan sonra - 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın yerli əhalisi deyil. Onları buraya biz köçürüb gətirmişik”.
N.Şavrov. Cənubi Qafqazda rus işi üçün yeni təhlükə. S-Pb., 1911, səh. 59
N. Şavrovun ermənilər haqqında söylədiyi faktları təhlil edin.
Rusiya imperiyası erməniləri, əsasən, keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Borçalıda məskunlaşdırmaq siyasəti yeridirdi. Qısa müddət ərzində bu bölgələrə 130 minə qədər erməni köçürüldü. Sonrakı dövrdə bu proses davam etdirildi. İrəvan və Naxçıvan ərazisində “Erməni vilayəti” quruldu. Lakin Naxçıvanda yerli əhalinin ciddi müqaviməti nəticəsində bu bölgədə ermənilərin kütləvi məskunlaşdırılması baş tutmadı.
Ən böyük ədalətsizlik isə təsərrüfat yaratmaq üçün azərbaycanlılara məxsus yararlı, münbit torpaqların ermənilərə verilməsi idi. Çar hökuməti köçürüb gətirdiyi erməni əhalisini çox yüksək səviyyədə himayə edirdi. Onlar 6 il ərzində bütün vergi və mükəlləfiyyətlərdən azad edildilər. Hətta Qacarlar dövlətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlar üçün ayrıldı. Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hökuməti Şimali Azərbaycanda əhalinin etnik tərkibini uzun müddət dəyişdirə bilmədi. İrəvan xanlığını işğal etmiş rus generalı İ.Paskeviç ermənilərin köçürülüb yerləşdirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi. Ermənilərin Azərbaycana köçürülməsi prosesi sonralar da davam etdirildi.
Şimali Azərbaycanda erməni əhalisinin kütləvi yerləşdirilməsinin nəticəsi nə oldu?