Xəritəyə əsasən Azərbaycanın qərb sərhədlərini təyin edin. İndi həmin ərazilər hansı dövlətin tərkibindədir?
Paris sülh konfransı zamanı ABŞ və digər böyük dövlətlər Azərbaycanın tanınması məsələsinə əvvəlcə müsbət yanaşmırdı. Onlar “vahid və bölünməz” Rusiyanın bərpa edilməsini istəyirdilər. Amma Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan diplomatları konfransda ardıcıl və məqsədyönlü iş apardılar. Cənubi Qafqaz üçün Rusiya təhlükəsi gündən-günə artdığından bunu nəzərə alan İngiltərə konfransda Rusiya imperiyasının ərazisində yaranmış yeni dövlətlərin tanınması təklifi ilə çıxış etdi.
Beləliklə, 1920-ci il yanvarın 11-də Paris sülh konfransı iştirakçıları tərəfindən Azərbaycanın və Gürcüstanın müstəqilliyi de-fakto1 tanındı. Yalnız ABŞ rəsmi surətdə bundan imtina etdi.
Böyük dövlətlər tərəfindən Azərbaycanın bir dövlət kimi tanınması böyük diplomatik uğur idi. Bu münasibətlə Bakıda bayram şənlikləri və hərbi parad təşkil edildi.
Ümumiyyətlə, Cümhuriyyətin xarici siyasəti uğurla həyata keçirilirdi. 1920-ci ilin yazında Bakıda dünyanın iyirmidən çox dövlətinin diplomatik nümayəndəliyi fəaliyyət göstərirdi. Tanınandan sonra Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda əməkdaşlığının daha da genişlənməsi müstəqil respublikanın inkişafı üçün böyük əhəmiyyət kəsb edirdi.
1De-fakto - faktiki olaraq.