Denikinlə gizli əlaqədə olan Ermənistanı bu ittifaqa cəlb etmək mümkün olmadı. Sazişin yerinə yetirilməsi üçün Hərbi Şura yaradıldı. Müqavilədən sonra Gürcüstan Azərbaycana çoxlu sayda hərbi texnika və silah-sursat, Azərbaycan isə Gürcüstana neft və neft məhsulları göndərdi.
Məmməd bəy Sulkeviç
Hərbi Şuraya hər respublikadan yüksək rütbəli iki nümayəndə daxil idi. Şurada Azərbaycanı Ə.Şadinski və M.Sulkeviç təmsil edirdi. M.Sulkeviç mənşəcə Polşa-Litva tatarlarından idi. General-leytenant M.Sulkeviç AXC ordusunun Baş qərargah rəisi idi. Aprel istilasından sonra bolşeviklər tərəfindən güllələndi. Onun son sözləri bu oldu: "Xoşbəxtəm ki, müsəlman ordusunun zabiti kimi ölürəm”.
Milli hökumət Şimali Qafqazda yaranmış Dağlı Respublikası ilə sıx münasibətlər qurmuş və bir neçə müqavilə bağlamışdı. Bu respublikaya böyük həcmdə maliyyə vəsaiti, yanacaq, tibbi ləvazimat və s. göndərilmişdi.
AXC-nin mövcud olduğu dövrdə Sovet Rusiyası ilə normal münasibətlər yaratmaq mümkün olmadı. Çünki Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanımaqdan qəti şəkildə imtina edir, keçmiş Rusiya imperiyasını bərpa etməyə çalışırdı. Rusiya 1920-ci ilin yanvar ayında Cümhuriyyətə iki nota1 göndərdi. Azərbaycandan Sovet Rusiyası ilə birgə Denikinə qarşı mübarizə aparmaq tələb olunurdu. Rusiyanın əsas məqsədi Azərbaycanı bu yolla - Denikinlə toqquşdurub məhv etmək idi. AXC rəhbərliyi bu tələbi rədd edərək Sovet Rusiyası ilə normal münasibətlər qurmağa, iqtisadi əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Rusiya isə əvəzində həmişəkitək Azərbaycana qarşı təcavüzkar siyasəti daha da gücləndirdi.
Qonşu Qacarlar dövləti ilə də münasibətlər ilk vaxtlar çox gərgin idi, amma sonrakı dövrdə normal əlaqələr quruldu. 1920-ci ilin martında AXC ilə Qacarlar dövləti arasında Dostluq müqaviləsi bağlandı. Qacar hökuməti Azərbaycanın müstəqilliyini de-yure2 tanıdı, Tehranda Azərbaycan səfirliyi, Təbrizdə isə Baş konsulluğu fəaliyyətə başladı.
AXC-nin böyük dövlətlər tərəfindən tanınması. Cümhuriyyət hökuməti 1919-cu ildə işə başlayan Paris sülh konfransına nümayandə heyəti göndərdi. Nümayəndə heyətinə Ə.Topçubaşov başçılıq edirdi. Əsas məqsəd böyük dövlətlər (ABŞ, İngiltərə, Fransa və İtaliya) tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaq idi.
Parisdə ermənilər Azərbaycan və Osmanlı dövlətləri əleyhinə geniş təbliğat kampaniyası aparırdılar. ABŞ Prezidenti V.Vilsona çoxlu sayda yalan məlumat çatdırmışdılar. Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddialarına bu dəfə ABŞ vasitəsilə nail olmaq istəyirdi. 1919-cu ildə Naxçıvanda ABŞ general-qubernatorluğu yaratmaq planı məhz buna xidmət edirdi. Lakin AXC hökumətinin qətiyyətli mövqeyi və Naxçıvan əhalisinin ciddi müqaviməti bu planın gerçəkləşməsinə imkan vermədi.
1Nota - bir hökumətin başqa hökumətə rəsmi yazılı diplomatik müraciəti
2De-yure - hüquqi olaraq