AXC-nin yaranması birmənalı şəkildə qarşılanmadı. Şərqdə ilk demokratik respublikanın təşəkkülü və onun türk-müsəlman əhaliyə mənsub olması bir çox dövlətlər üçün arzuolunmaz hadisə idi. Cümhuriyyət xarici siyasətini necə qurmuşdu? Qonşu dövlətlərlə münasibətlər necə nizamlanırdı? AXC-ni böyük dövlətlər tanıdımı?
Batum müqaviləsi, Mudros barışığı, Gürcüstanla müqavilə, Dağlı Respublikasına yardımlar, Paris (Versal) sülh konfransı
Qonşu dövlətlərlə münasibətlər. Cümhuriyyət hökuməti yarandığı gündən çevik xarici siyasət xətti yeritməyə başladı. Dövlət müstəqilliyinin qorunması üçün təhlükəsiz beynəlxalq şərait yaradılması, Cümhuriyyətin dünya birliyi tərəfindən tanınması olduqca vacib idi. Qonşu dövlətlərlə normal münasibətlər qurmaq da böyük əhəmiyyət daşıyırdı. Osmanlı dövləti ilə 1918-ci il iyunun 4-də Batum müqaviləsinin imzalanması xarici siyasətdə ilk uğurlu addım idi. Osmanlı imperiyası müstəqilliyimizi tanıyan ilk dövlət oldu.
Osmanlı dövləti hansı sahələrdə AXC-yə kömək etdi? Sadalayın.
1918-ci ilin avqustunda Berlində Sovet Rusiyası ilə Almaniya arasında gizli saziş imzanlanması Bakının gələcək taleyi üçün böyük təhlükə yaratdı. Yalnız Azərbaycan və Osmanlı dövlətlərinin birgə addımları bu sazişin reallaşmasına imkan vermədi.
Birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlub olması Cümhuriyyətin beynəlxalq vəziyyətinə mənfi təsir göstərdi. Mudros müqaviləsinə görə, Osmanlı qoşunları qısa müddətdə Bakını və Azərbaycanı tərk etməli, Azərbaycan Antanta qoşunları tərəfindən işğal olunmalı idi. 1918-ci ilin noyabrında general Tomsonun başçılığı ilə ingilis qoşunu Bakıya daxil oldu.
General Tomson əvvəlcə Cümhuriyyəti tanımayacağını bildirmişdi. Lakin parlamentin və üçüncü hökumətin demokratik prinsiplər əsasında təşkilini gördükdən sonra mövqeyini dəyişdi. Nəticədə ingilis komandanlığı Cümhuriyyət hökumətini Azərbaycanda yeganə səlahiyyətli hakimiyyət kimi qəbul etdi. 1919-cu ilin yayında ingilis qoşunları Azərbaycanı tərk etdikdə Xəzər hərbi donanmasının bir neçə gəmisini milli hökumətə verdi.
1918-ci ilin sonunda Cümhuriyyətin xarici siyasətlə bağlı istiqaməti dəyişməsini necə qiymətləndirirsiniz? Müzakirə edin.
Cümhuriyyət Gürcüstan Respublikası ilə normal qonşuluq münasibətləri yaradılmasına çalışır, eləcə də əhalisi azərbaycanlılardan ibarət olan Borçalı qəzası ilə bağlı ərazi mübahisəsini tənzimləməyə səy göstərirdi. Lakin ağqvardiyaçı general Denikinin ordusunun Cənubi Qafqaza doğru irəliləməsi Gürcüstanla hərbi-siyasi əməkdaşlığı həyati əhəmiyyətli məsələyə çevirdi. 1919-cu il iyunun 16-da Azərbaycan və Gürcüstan arasında hərbi-müdafiə sazişi bağlandı. Sazişə görə, hərbi müdaxilə baş verdiyi təqdirdə tərəflər bir-birinə hərbi yardım göstərməli idi.