Yeni mədəni-maarif müəssisələri yaradılmasına da diqqət yetirilirdi. 1919-cu ildə ilk milli kitabxana fəaliyyətə başladı. Həmin il “İstiqlal” muzeyinin açılması da böyük mədəni hadisə oldu.
Milli hökumət respublikamızda tam demokratik mühit yaratmağa çalışırdı. Söz, mətbuat və vicdan azadlıqları təmin olunmuşdu. Mətbuat üzərindən senzura1 tamam götürülmüşdü. Rəsmi mətbuat orqanı olan “Azərbaycan” qəzeti Azərbaycan və rus dillərində hər gün dərc olunurdu. Demokratik şəraitdən, çox təəssüf ki, milli dövlətimizin düşmənləri də yararlanırdılar. Xalqımızın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin “qırmızı qaranlıq” adlandırdığı bolşevik mətbuatı xüsusilə seçilir, Cümhuriyyətin bütün tədbirlərini gözdən salmağa çalışırdı. Bu səbəbdən də hökumət xalqımızı və dünyanı düzgün məlumatlandırmaq üçün 1920-ci ildə Azərbaycan Teleqraf Agentliyini (AZƏRTAC) yaratdı.
Bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavada məxsus “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə “Vətən marşı” adı ilə “Milli nəğmələr” kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələn mişdir.
Cümhuriyyət illərində Üzeyir Hacıbəyli iki marş yazmışdı. Onların hər ikisi 1966-cı ildə Ankarada nəşr edilmiş “Türk marşları” kitabına daxil edilmişdi.
Ədəbiyyat və incəsənət də milli zəmin üzərində inkişaf edirdi. Hüseyn Cavid, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı və başqalarının əsərlərində müstəqillik ideyalarının tərənnümü əsas yer tuturdu. Şair və yazıçılarımız gənclərə müstəqil dövlətimizə sevgi, milli qürur və vətənpərvərlik hissləri aşılayan mövzulara daha çox müraciət edirdilər.
SUAL VƏ TAPŞIRIQLAR:
1Senzura - dövlətin mətbuatın məzmunu və yayılması üzərində nəzarəti