Azərbaycan əhalisinin böyük əksəriyyətini kəndlilər təşkil etdiyi üçün torpaq məsələsinin həlli olduqca vacib idi. 1920-ci ilin martında bu məsələ ilə bağlı parlamentdə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihədə torpaqların kəndlilərə pulsuz paylanması nəzərdə tutulurdu. Lakin hökumətin bu həyati əhəmiyyətli məsələni həll etməyə vaxtı çatmadı. Aprel istilası milli hökumətin gördüyü bütün mütərəqqi tədbirlərin üstündən qara xətt çəkdi.
Milli hökumət öz sosial siyasətini xüsusi proqram əsasında həyata keçirirdi. Əsas diqqət müəssisələrdə 8 saatlıq iş gününün tətbiqinə və gecə növbəsinin ləğvinə yönəlmişdi. Qadınların sağlamlığa ziyan vuran işlərdə çalışması qadağan edilmişdi. Qadınlar işləyən müəssisələrdə hökmən körpələr evinin açılması tələb edilirdi. Sahibkarlar Əmək Nazirliyinin razılığı olmadan işçiləri kütləvi şəkildə işdən çıxara bilməzdilər. 1919-cu ilin əvvəlindən çoxuşaqlı fəhlələrə maaşdan əlavə vəsait verilməsinə başlanmışdı.
Milli-mədəni quruculuq. Hökumət milli təhsil sisteminin yaradılmasına böyük diqqət yetirirdi. Milli kadrlar hazırlamaq, dövlətçiliyə sədaqətli olan yeni gənc nəsil yetişdirmək hava və su kimi lazım idi. Cümhuriyyət ilk addım kimi təhsil müəssisələrini milliləşdirdi. Hökumətin qərarı ilə ibtidai məktəblərdə şagirdlər ana dilində təhsil almalı, rus məktəblərində isə Azərbaycan dili fənni hökmən tədris olunmalı idi. Yeni tədris proqramlarına “Rusiya tarixi” əvəzinə, “Türk xalqları tarixi” fənni daxil edilmişdi.
AXC hökumətinin təhsil siyasətini Rusiyanın Azərbaycanda yeritdiyi təhsil siyasəti ilə müqayisə edin.
Məktəblərdə ana dilində təhsil verən savadlı müəllimlərə böyük ehtiyac yaranmışdı. Ona görə də Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Firidun bəy Köçərlinin təşəbbüsü ilə 1918-ci ilin payızında Qazaxa köçürüldü və onun əsasında Qazax Müəllimlər Seminariyasi təşkil edildi. Gəncə və Bakı Müəllimlər Seminariyalarında milli pedaqoji kadrlar hazırlanmasına başlanıldı, pedaqoji kurslar açıldı.
Təhsildə ən ciddi problemlərdən biri ali təhsilli milli kadrların hazırlanması idi. Bu məqsədlə parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul etdi. Universitetə qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Universitetdə əvvəlcə iki: tarix-filologiya və tibb fakültələri fəaliyyətə başladı. Bundan əlavə, 100 azərbaycanlı gənc xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi. Bu məqsədlə yeddi milyon manat vəsait ayrıldı. H.Z.Tağıyev həmin gənclərdən iyirmisinin təhsil xərcini öz boynuna götürdü. Bu gənclər Avropanın nüfuzlu universitetlərində iqtisadçı, mühəndis, həmçinin gəmiqayırma və təyyarə düzəldilməsi kimi nadir ixtisaslara yiyələnmək üçün göndərilmişdilər.
Hazırda azərbaycanlı gənclər xarici ölkələrdə hansı ixtisaslara yiyələnməyə üstünlük verirlər? Araşdırın.