1918-ci ilin payızında Osmanlı dövləti Birinci Dünya müharibəsində məğlub oldu, qoşunlarını Azərbaycandan və onun ayrılmaz hissəsi olan Naxçıvandan da çıxardı. Naxçıvan əhalisi birbaşa erməni təcavüzü ilə üz-üzə qaldı. Bölgənin milli vətənpərvər qüvvələri 1918-ci ilin noyabr ayında Araz-Türk Respublikasını yaratdılar. Bu qurum Naxçıvanın erməni hücumlarından qorunmasında həlledici rol oynadı. AXC hökuməti 1919-cu ilin fevralında Naxçıvan general-qubernatorluğunun yaradılması haqqında qərar qəbul etdi. Bəhram xan Naxçıvanski general-qubernator təyin edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanda öz suveren hüquqlarını qəti şəkildə bərqərar etdi.
AXC və Ermənistan Respublikası bir-birini rəsmi olaraq tanıyır, Cümhuriyyətin İrəvanda fəaliyyət göstərən diplomatik nümayəndəliyi bölgədə türk-müsəlman əhalinin hüquqlarını müdafiə etməyə çalışırdı. Lakin Ermənistan Respublikası normal qonşuluq münasibətləri yaradılmasına heç də səmimi yanaşmırdı.
1919-cu ildə Zəngəzur bölgəsində Azərbaycan və işğalçı Ermənistan ordu qüvvələri arasında silahlı qarşıdurma baş verdi. Amma tezliklə Tiflisdə danışıqlar aparıldı və saziş bağlandı. Tərəflər bütün mübahisəli məsələləri silah işlətmədən, danışıqlar yolu ilə həll etməyi öhdələrinə götürdülər. AXC hökuməti üzərinə düşən öhdəliyə sadiq qaldı və silahlı qüvvələrini Zəngəzurdan çıxardı. Bu fürsətdən yararlanan işğalçı Ermənistan hökuməti isə bölgəyə dərhal əlavə nizami qoşun yeritdi. Nəticədə, Zəngəzurda daha 40 Azərbaycan kəndi yerlə yeksan edildi, əhalisi isə amansızlıqla qətlə yetirildi.
1920-ci ilin martında Ermənistan hökuməti AXC-ni devirmək üçün Sovet Rusiyası ilə gizli razılığa gəldi. Ermənilər Qarabağda qiyam təşkil etdilər, Azərbaycanın sərhədboyu bölgələrinə qoşun yeritdilər. Cümhuriyyət hökuməti silahlı qüvvələrinin böyük hissəsini düşmənlə savaşmaq üçün həmin bölgələrə göndərdi. Azərbaycanın Milli Ordusu hər yerdə erməni hərbi qüvvələrini darmadağın etdi. Lakin şimal sərhədlərimiz müdafiəsiz qaldı. Bundan yararlanan Sovet Rusiyası Azərbaycana hərbi müdaxilə etdi.
SUAL VƏ TAPŞIRIQLAR: